Bakıda İsrailin Müstəqillik günü qeyd edilib

95

 

Bakıda İsrail Dövlətinin müstəqilliyinin 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

Xalq.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz qonaqları salamlayaraq ölkəsinin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə danışıb.

O deyib ki, bu gün İsrail Azərbaycanı öz yaxın tərəfdaşları arasında görməkdən çox şaddır.

“Bizim münasibətlərimiz səmimi dostluq və qarşılıqlı anlaşma əsasında qurulub. Azərbaycan tolerantlıq nümunəsidir. Biz Azərbaycanla əməkdaşlığımızı yeni sahələr üzrə genişləndirmək niyyətindəyik”, səfir vurğulayıb.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirdə çıxış edərək İsrail Dövlətini milli bayramı – Müstəqillik günü ilə əlaqədar Azərbaycan Prezidenti və xalqı adından təbrik edib.

Nazir bildirib ki, Azərbaycan və İsrail dostluq nümunəsidir: “Azərbaycanda tarixən yəhudi icması yaşayıb və yaşayır. Biz Azərbaycanda dini, milli, mədəni müxtəlifliklə, dözümlülüyümüzlə fəxr edirik”.

Ə.Abbasov qeyd edib ki, Azərbaycan və İsrail arasında 6 sənəd artıq imzalanıb, 8 sənəd isə hazırlanma mərhələsindədir.

Nazirin sözlərinə görə, Azərbaycan-İsrail ticarət münasibətlərinin inkişafında İsrail-Azərbaycan Ticarət Palatası böyük rol oynayır: “İsrail Dövlətinə Azərbaycanı beynəlxalq qurumlar çərçivəsində, xüsusən, ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk”.