Bakıda konfrans keçirilir

Bu gün Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Rusiya-Azərbaycan İşguzar Şurası keçirilir.

XALQ.AZ xəbər verir ki, əvvəlcə İşgüzar Şuranın iclası öz işinə başlayıb. İclasda Azərbaycan və Rusiya şirkətlərinin nümayəndələri iştitak edirlər.

Forumda Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya-Azərbaycan İşgüzar Şurasının (RAİŞ) İdarə Heyətinin sədri Səməd Qurbanov iştirak edir. Rusiya tərəfindən isə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edir.

Şahin Mustafayev İşgüzar Şuranın iştirakçıkarını salamlayıb və Rusiya ilə Azərbaycan arasında işgüzar munasibətlərin əhəmiyyətini vurğulayıb. Rusiya prezidenti Vladimir Putinin bu gün Bakıya səfərə gələcəyini deyən nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərfdaşlıq səviyyəsindədir: “Dövlət başçıları ölkələrimiz arsında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətləri və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlətindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir, ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Qarşılıqlı investisiya qoyuluşu sahəsində aktiv əməkdaşlıq həyata keçirilir”.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrindən danışan nazir bu Forumun xususi əhəmiyyət kəsb etdiyini diqqətə catdırıb: “Ticari əlaqələr Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biridir. Rusiya Azərbaycan idxalı üçün əsas tərəfdaşlardandır və Rusiya bizim qeyri- neft məhsullarının ixracında ilk yeri tutur”.

Nazir bildirib ki, Azərbaycan ikitərəfli əlaqələrin gələcək inkişafına daha da maraqlıdır: “Belə formatda keçirilən tədbirlər işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümküm əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platformadır”.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatında 4 milyard dollardan artıq investisiya qoyub. Onun sözlərinə görə, Azərbaycanda təqribən 700 Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edərək ölkələrimiz arasında mövcud əməkdaşlığı yüksək dəyərləndirdiyini bildirib. Prezident İlham Əliyevin Rusiyaya səfərini xatırladan nazir münasibətlərin bundan sonra daha da səmərəli olacağına əminlik ifadə edib.

Təbrik nitqindən sonra mehriban qonşuluq münasibətlərindən danışan Rusiya-Azərbaycan İşgüzar Şurasının (RAİŞ) İdarə Heyətinin sədri Səməd Qurbanov bu münasibətlərin hazırda daha aktiv xarakter aldığını qeyd edib: “Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. İki ölkə arasında əlaqələr qarşılıqlı mehriban qonşuluq prinsiplərinə əsaslanır”

S.Qurbanov bildirib ki, şuranın əsas məqsədlərdən bir biznesin maraqlarını müdafiə etmək, yeni yollar axtarmaq, dialoqu asanlaşdırmaq və isgüzar əlaqələrin asanlaşması üçün konfransların keçirilməsidir: “Azərbaycan Rusiyanın bütün subyektləri ilə işgüzar əlaqələri asanlaşdırmaqda maraqlıdır. Əminik ki, forum əlaqələrin inkişafına yeni dinamika qatacaq”.

 

Orxan