Bakıda polis rəisini bıçaqladılar

Bicaq-3

Dünən gecə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi rəisi Anar Şıxəliyevi bıçaqla yaralayıblar.

XALQ.AZ-ın məlumatına görə, vesti.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Xəbərə görə, cinayət Binəqədi rayon Xutor qəsəbəsində gecə yarısı törədilib. İdarə rəisi dostunun “Mercedes Gelеndewagen” avtomobilində olub, bu zaman naməlum şəxslər “Niva” markalı maşınla onun yolunu kəsiblər. Cinayətkarlar maşından çıxıb beysbol dəyənəkləri ilə maşına zərbələr endiriblər.

Onlara mane olmağa çalışan Şıxəliyev əlindən yaralanıb. Törətdikləri əməldən sonra cinayətkarlar hadisə yerindən qaçıblar, Anar Şıxəliyev isə DİN-in hospitalına çatdırılıb.

Şübhəli şəxslərin kimliyi müəyyənləşdirilib, bir neçə nəfər artıq saxlanılıb. Fərz edilir ki, onlar Anar Şıxəliyevin dostu ilə hesablaşmaq istəyiblər və sükan arxasında onun olduğunu düşünüblər.

Əməliyyatçılar “Niva”nı tez bir zamanda sahibinin evinin həyətində tapıblar. Amma maşının sahibi özü evdə olmayıb. O, gizlənir. Xəbər verilir ki, bu gün Anar Şıxəliyev hospitaldan evə buraxılacaq.

Fakt üzrə araşdırma davam edir.