Bakıda yanan bazarda 8 nəfər xəsarət alıb

Yangin

Səhər saatlarından yanmağa başlayan Taxta bazarı hələ də yanır. Xalq.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, səhər 8:30-da başlamış yanğınla əlaqədar olaraq Təcili Tibbi Yardım stansiyasına zəng daxil olub.

103 xidmətinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Hazırkı saata olan məlumata görə, yanğın zamanı 8 nəfər xəsarət alıb. Onların dördünə ilkin ambulator yardım göstərilib.

Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə aparılıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hazırda yanğın davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.Yanğın zamanı xəsarət alanların sayının artacağı istisna edilmir.