“Bakının da bununla bağlı öz şərtləri var” – Deputat

“Azərbaycan Qarabağda yaşayan ermənilərin ərzaq və digər ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan tərəfi bunu dəfələrlə müzakirə edib. Hətta bu məsələ bu yaxınlarda Bakıda Beynəlxalq Qızıl Xaç Komitəsinin təmsilçiləri ilə də müzakirə edilib. Amma Bakının da bununla bağlı öz şərtləri var”.

Bunu  deputat Məlahət İbrahimqızı son günlərdə Xankəndidəki ermənilərin ərzaq çatışmazlığı ilə bağlı qaldırdığı hay-küyə mövqeyini açıqlayarkən deyib.

 

Bakının şərtlərini açıqlayan deputat bildirib ki, bunlar Qarabağda rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz erməni hərbi birləşmələrin, o cümlədən Xankəndidəki quldur dəstəsinin strukturunun buraxılmasıdır: “Əgər Xankəndidəki irredentistlər şərtləri qəbul edib Azərbaycana reinteqrasiya yolunu seçərlərsə, o zaman Bakı Qarabağdakı ermənilərin bütün ehtiyaclarını, ərzaq, qida, dərman, qaz, elektrik, səhiyyət xidmətlərini və digər bütün zəruri ehtiyaclarını təmin etməyə hazırdır. Yox, əgər oradakı quldur dəstəsi yenə də öz mövqelərindən əl çəkməyəcəklərsə, təbii ki, Azərbaycan məcburedici taktikadan istifadə etməklə onları bu addımı atmağa vadar edəcək. Ona görə də Xankəndidəki quldur dəstəsinin Bakının təkliflərini qəbul etməkdən başqa şansları yoxdur. Onlar bilməlidirlər ki, Ermənistan da daxil olmaqla bütün beynəlxalq aləm Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və qəbul edir. Artıq bu Azərbaycanın daxili məsələsidir və kimsə ölkəmizin daxili işinə müdaxilə edə bilməz. O zaman Azərbaycan da beynəlxalq hüququn tələblərinə uyğun olaraq ölkənin konstitusiya quruluşuna qarşı çıxmağa cəhd edən bu quldur dəstəsinə qarşı ciddi tədbirlər görəcək. Həmin quldur dəstə düşünməsin ki, onlar Qarabağdakı Azərbaycan vətəndaşı olmaq istəyən dinc erməni sakinlərini əllərində girov saxlamaqla niyyətlərinə nail olacaqlar. Onlar yanılırlar. Nə qədər gec deyil, bu quldur dəstəsi yanlış yoldan dönüb, Bakının uzatdığı sülh və barışıq əlinə adekvat reaksiya versələr? yaxşı olar. Yoxsa kimsə onları xilas edə bilməycək. Qanunlar çərçivəsində onlara qarşı tədbirlər görüləcək”.