Bakıxanov camaatı «Talkuçka»nın sökülməsinin əleyhinədir

 

9

Qəsəbə sakinləri yüzlərlə ailənin dolanışıq yerinin qapadılaraq, yerində Ticarət Mərkəzinin inşa edilməsi təklif edənlərin fikirlərini yanlış hesab edir

Artıq bir neçə müddətdir ki, Bakının Bakıxanov qəsəbəsində yerləşən məşhur «Talkuçka» bazarının sökülməsi «ideyası» ilə çıxış edənlər tapılıb. Müxtəlif mətbuat orqanlarında bazarın sökülməsi və yerində çoxmərtəbəli ticarət mərkəzinin inşa edilməsini təklif edənlərin əsas arqumenti budur ki, bazar qəsəbənin memarlıq «ahəngi»ni pozur.

Təbii ki, indiyə qədər Bakıda bir çox bazarlar sökülərək, yerində modern binalar tikilib. Amma bu bütün bazarları əhatə edən məsələ deyil. Çünki şərait və yer anlayışı prosesin reallaşmasına böyük təsir göstərir. Elə uzun illərdən bəri Bakıxanov qəsəbəsində fəaliyyət göstərən «Talkuçka» da bu qəbildən olan ticarət obyektlərindəndir.

Bu bazarda faktiki olaraq yüzlərlə ailə evinə hər gün qazanc aparmaq imkanı əldə edir. Özünün forması və fəaliyyətinə görə də, ərazidəki heç nəyə maneçilik törətmir. Əksinə, mümkün qədər ətraf ərazilərdə abadlaşdırma işlərinin həyata keçirilməsinə yardımçı olur. Bundan əlavə, «Talkuçka»nın yerində Ticarət Mərkəzinin inşası üçün imkan və şərait də yoxdur.

Hərçənd bu məsələ həm də Bakıxanov camaatının da marağında olandır. Çünki onların rahatlığını təmin edən və yaxınlıqdakı bazardan istədiklərini ala bildikləri bir ticarət obyektinin heç bir əsas olmadan sökülməsini təklif edənlərə cavabı var. Xalq.az-ın əməkdaşları qəsəbədə əhali arasında bununla bağlı sorğu keçiriblər.

Mətanət Qədimova: «Talkuçka» neçə illərdir qəsəbəmizdə fəaliyyət göstərir. İndiyə qədər nəyəsə maneçilik törətdiyini nə görmüşəm, nə də eşitmişəm. Bu bazarın sökülməsini təklif edənlərin hansı əsası gətirdikləri mənim üçün maraqlıdır. Bakıxanov qəsəbəsində yetərli qədər Ticarət Mərkəzləri var və «Talkuçka»nı söküb, yerində bina tikməyin mənasız olduğunu düşünürəm. Hesab edirəm ki, bu bazar fəaliyyətini davam etdirməlidir».

Ramilə Qurbanova: «Vallah, mənim üçün də maraqlıdır ki, niyə «Talkuçka» sökülməlidir. Söküləsi o qədər yer var ki. Bu bazarın qəsəbəmizdə olması bütün camaatın işini asanlaşdırır. Çünki biz istədiyimiz vaxt asanlıqla istədiyimizi bu bazardan ala bilirik. Ən əsası isə qəsəbə sakinləri bu bazardan dolanır, onların çörəklərini əllərindən almaq haqsızlıq olar. Düzdür, bazara bir qədər əl gəzdirməyə dəyər. Amma bu heç də o demək deyil ki, «Talkuçka» sökülməlidir».

Rüstəm Rüstəmov gənc iqtisadçıdır, elə məsələyə də iqtisadi aspektdən yanaşıb. O deyir ki, Bakıxanov qəsəbəsi son illər sürətli inkişafa nail olub. Böyük ticarət mərkəzləri, istehsal sahələri, xidmət sferası dəfələrlə inkişaf edib və bundan sonra da böyük baza var. Gənc iqtisadçı işsizliklə mübarizənin aparıldığı bir vaxtda «Talkuçka» kimi bir bazarın bağlanılmasının əleyhinədir. «Belə bazarları bağlamaq və yerində hansısa ticarət mərkəzini tikmək çıxış yolu deyil. Bu işsizliyi aradan qaldırmır, əksinə artırır. Bu gün Cənab Prezident İlham Əliyev bütün çıxışlarında ölkədəki işsizliyi aradan qaldırmaq üçün çalışdıqlarını bəyan edir. Belə olan halda, yüzlərlə ailəni dolandıran bir iş yerinin bağlanılmasını necə başa düşmək olar?»

Qeyd edək ki, dünən «Talkuçka» kimi tanınan bazarda da olduq. Buranı digərlərindən fərqləndirən əsas cəhət odur ki,bazar şərq uslubunda olduğunu gördük, və bu bazarlardan bütün dünya ölkələrində var, bazarda təmizlik, sanitar-gigeyenik qaydalara riyayət, səliqə-sahman hökm sürür. Satıcıların mədəni səviyyəsinin yüksək olması, müştərilərin maksimum dərəcədə razı yola salınması üçün sərf olunan enerji açıq-aydın diqqət çəkir.

 

 

Mövzü ilə əlaqədar araşdırmamzı davam edir.