İcra başçısının yerlərdə əhali ilə görüşləri davam edir

 

44

Qədim yaşayış məntəqələrindən biri olan və rayon mərkəzinə ən yaxın ərazidə yerləşən Rudəkənar kəndində 1605 nəfər əhali,  513 təsərrüfat vardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, tərəvəzçilik və çayçılıqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev noyabrın 19-da Rudəkənar kəndində sakinlərlə görüş və səyyar qəbul keçirmişdir. İcra başçısı tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, bu kənddə sakinlərlə səyyar qəbul ilk dəfə olsa da, kənddə inşa edilən yeni məktəb binası ilə əlaqədar ərazidə tez-tez olmuş, vətəndaşlarla sıx ünsiyyət saxlamış, onların problemləri ilə daim maraqlanmışdır. Bu ilin oktyabrın                9-da keçirilən prezident seçkilərində fəal iştirak və düzgün seçim etdiklərinə, xoşbəxt gələcəyə aparan liderə səs verdiklərinə görə bütün kənd sakinlərinə dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.
Görüşdə çıxış edən kənd ağsaqqalları Aydın Mirzəyev, Barat Sadıxov respublikamızın son 10 ildə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazandığını, əhalinin rifah halının xeyli yaxşılaşdığını, bütün bölgələrdə, o cümlədən rayonumuzda geniş abadlıq və quruculuq işlərinin aparıldığını qeyd etmiş, bütün bu nailiyyətlərə görə ölkə başçısı İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Qeyd etmişlər ki, son illər rayonumuz öz simasını tamamilə dəyişmiş, ölkəmizin ən abad və yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Rayon mərkəzində, qəsəbə və kəndlərdə aparılan abadlıq işləri, kəndlərarası yolların asfaltlaşdırılması, ucqar dağ kəndlərinə gedən yolların təmir edilməsi rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və yaxından köməkliyi ilə həyata keçirilmişdir. Bütün bunlara görə kənd sakinləri adından hörmətli icra başçımıza minnətdarlığımızı bildiririk.
Rüdəkənar kənd məktəbinin direktoru Rəvanə Baxşıyeva, kənd sakinlərindən Raqif Abdullayev, Məmməd Məmmədov, Səmayə Ağayeva, Rafiq Hüseynquliyev və başqaları çıxış edərək sakinlərlə səmimi və işgüzar görüş keçirdiyinə görə icra başçısına təşəkkür etmiş, məktəbə gələn yolun təmir edilməsi, məktəbin istilik sisteminin qaydaya salınması, yeni salınmış yaşayış məhəlləsinə elektrik və qaz çəkilişinə kömək göstərilməsi, təsərrüfatların sel-sularından təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi barədə təkliflər irəli sürmüşlər.
İcra başçısı kənd sakinlərinin qaldırdıqları problemlərlə tanış olduğunu, bununla əlaqədar aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırmışdır. Məktəbə gələn yolun havalar imkan verən kimi asfaltlaşdırılacağını, yeni istifadəyə verilmiş məktəbin istilik sisteminin qaydaya salınması üçün əməli tədbirlər görüləcəyini bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən ölkə başçısı İlham Əliyevin düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil respublikamızda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını, qarşıdakı illər üçün daha geniş, daha qlobal proqramların hazırlandığını konkret faktlarla görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Şübhəsizidir ki, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün bundan sonra konkret və əməli tədbirlər həyata keçiriləcəkdir. Rüdəkənar kəndinin ərazisində yeni müasir tipli futbol meydançasının tikilməsi üçün konkret işlərə başlanılacaqdır. İmkan daxilində rayon mərkəzindən kəndə gələn yolun işıqlandırılması üçün səy göstəriləcəkdir.
İcra başçısı səmimi və işgüzar görüşə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, gələcək fəaliyyətlərində hər bir kənd sakininə uğurlar arzulamışdır.
Görüşün sonunda İcra başçısı yeni tədris ilində istifadəyə verilmiş kənd məktəbinin vəziyyəti ilə tanış olmuş, ayrı-ayrı sinif otaqlarını gəzmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.