Bal sərgisi başlayır

Bal

Oktyabrın 1-dən 30-dək, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

XALQ.AZ-ın məluamatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb. Amma bir müddət əvvəl bazarlarda satılan balın qiymətinin 50 manata qədər qalxması xəbəri, artıq bəzi alıcılarda təşviş yaradıb. Satıcılar bunun səbəbini bu ilki quraqlıqla əlaqələndirir. Bəs, görəsən bu ilki sərgidə qiymətlər necə olacaq.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, artıq sentyabrın 5-dən arıçıların müraciəti başlayıb. Bu günə kimi 400-dən artıq arıçı qeydiyyatdan keçib və yalnız onlar məhsullarını yarmarkada sata biləcək. Bundan başqa bu ilki sərgi, keçən ilkindən öz fərqliliyi ilə seçilicək. Çünki bu il həm yarmarkanın ərzisi böyük olacaq, satışın gedişatına nazirlikdən onlayn olaraq nəzarət ediləcək. Eyni zamanda da satış qiymətləri sərbəst olacaq.

Murtuzəli Hacıyevin sözlərinə görə, keyfiyyətsiz bal yarmarkada satılmayacaq: “Ona görə də qiymətlər sərbəstdir. Alıcı ilə satıcı qiymətləri razılaşdırma əsasında müəyyən edəcəklər. Biz nazirlik olaraq qiymətlərə müdaxilə eləmiyəcəyik”.

Qurumun mətbuat katibi onu da bildirdi ki, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını, şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq şəhadətnaməsi, rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona Baytarlıq Laboratoriyasından ekspertiza sənədi ilə qeyd etdiyimiz ünvana müraciət edə bilərlər. Qeydiyyatdan keçmiyənlər isə yarmarkaya buraxılmayacaq.

Xatırladaq ki, ən yaxşı bal çiçək balı hesab edilir. Yarpaqlardan və dənli bitkilərdən alınan ballar isə nisbətən zəif olur. Balın rəngi də arının qəbul etdiyi bitkilərdən asılıdır. Yarpaq və dənli bitkilərdən alınan ballar tünd, çiçək balları isə şəffaf olur.

Bal yarmarkası oktyabr ayının 1-də, saat 12:00-dan başlayacaq və ayın 30-na kimi Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında, keçmiş “Ayaqqabı fabriki”nin binasında davam edəcək.


Comments are closed.