“Viləş” firması cəzalandırıldı

Viles

Dünən qanun pozuntusu aşkarlanan bir neçə daş karxanasının qapısına möhür vuruldu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti əməkdaşları ilə birgə ilk baş çəkdiyimiz ərazi Qaradağ rayonu ərazisindəki “Viləş” firmasına məxsusu daş karxanası oldu.

Antisanitar otaqda fəhlələrin nahar etməsi, ürək ağrıdan olasa da, ən acınacaqlısı onların təhlükəli alətlərlə heç bir qoruyucu tədbirlər görülmədən işləmələri idi. Hər zamankı kimi işçilərin nə əmək müqavilələri nə də sığortaları var idi. Bu səbəbdən də hamıdan izahat alındı.

Daha sonra ərazidəki daş kəsən kombaynlara baxış keçirildi. Baş Əmək müfəttişi alətlərin heç bir texniki tələblərə cavab vermədiyini və fəhlələrin həyatı üçün birbaşa təhlükə mənbəyi olduğunu bildirdi.

Daş kəsən kombaynların yenidən işə buraxılması isə yalnız texniki tələblərin ödənildiyi zaman mümkün olacaq.

Əraziyə göz gəzdirdikcə dəhşətə gəlirdik. Təhlükəli məqamlar nə bir idi, nə də iki. Ona görə də müşahidələrimizi davam etdirərək yolumuzu digər karxanalardan saldıq, vəziyyət heç də fərqli deyildi.

Obyektlərdəki vəziyyətlə bağlı olaraq Dövlət Əmək müfəttişliyinin rəisi Fuad Əlizadə bildirdi ki, alınmış izahatlar və protokollar əsasında araşdırmalar aparılacaq. Bundan sonra müvafiq tədbirlər görüləcək.