“Baş həkim”-lər menecer fəaliyyəti göstərəcək

28

 

Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır”. XALQ.AZ xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından, başa düşülməz: “Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir. Səhiyyədə müşahidə olunan ümumi meylin biri ondan ibarətdir ki, tibbi xidmətlər bahalaşır. Müasir avadanlıqlar, dərman vasitələri və s. tibbi ləvazimatlar və ya alətlər təkcə keyfiyyəti ilə yox, həm də qiymətinin baha olması ilə fərqlənir. Deməli, müalicənin bahalaşması qaçılmazdır. Dünyanın bütün ölkələrinin qarşılaşdığı bu problem Azərbaycanda özünü göstərməyə bilməz. Çalışmaq lazımdır ki, səhiyyə maliyyə qıtlığı hiss etməsin və ya həddən artıq çox hiss etməsin”.

Ə.Əhmədov diqqətə çatdırıb ki, səhiyyə sahəsində islahatlar aparılır, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək: “Səhiyyə müəssisəsinin idarə olunması prinsip etibarı ilə dəyişəcək. Xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi “baş həkim”  rolu  “menecer baş həkim”  rolu ilə əvəzlənəcək”.

Ə.Əhmədovun sözlərinə görə, dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir: “Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.

Deyilənlərin fonunda səhiyyə inzibatçılığının sadələşdirilməsi gündəliyə çıxmalı olacaq. İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər”.

Ə.Əhmədov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq ayrı-ayrı xəstəliklərin müalicəsi ilə əlaqədar hazırladığı təlimatlar mövcuddur: “Azərbaycanın Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır. Lakin qeyd etdiyim kimi, bu, əməktutumlu işdir və xeyli vaxt tələb edir”.