Bazarlarda bahalaşma

 

24

Yumurtanın, almanın, şabalıdın, kökün, şəkər tozunun, süfrə duzunun qiymətləri qalxıb.

2014-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,2 faiz ucuzlaşıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ötən ay ərzində qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, südün, zeytun və günəbaxan yağlarının, alçanın, gilasın, albalının, əriyin, çiyələyin, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, makaron və vermişelin, kərə yağının, yumurtanın, almanın, şabalıdın, kökün, şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Bundan əlavə, iyun ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının qiymətlərində ucuzlaşma, parçaların, mebel və ev əşyalarının, alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Qeyd edilir ki, ötən ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu sərnişindaşıma tarifləri bahalaşıb.