Bəhruz Məhəmmədov ictimayyətə yalan məlumat verdi-Zaqatalada Prokurorluq cinayət işi açdı
Daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
XALQ.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında vurğulanıb.
Bildirilir ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir.
İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.
Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır.
Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, ötən gün məsələ ilə bağlı mətbuata açıqlamasında Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazidə ağacların kəsilməsinə səbəb yolun kənarındakı qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratmasıdır:
“Zaqatala rayonunda avtomobil yolunun kənarında mövcud olan qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Zaqatala Rayon İcra Hakimiyyətinin müraciətləri əsasında “14 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ağacların budanması təmin edilib. Budama işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, bu zaman hansısa prosedur pozuntularına yol verilməsi və gələcəkdə ağacların bioloji inkişafına təsir edib-etməməsi ilə bağlı hazırda yerində müvafiq araşdırma aparılır deyə açıqlamasında bildirmişdir.
Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir