“Belə şirkətlər heç zaman məhsulunu qəpik-quruşa satmır” – Ağa Salamov

Yay mövsümüdür, insanlar yandırıcı istilərdən qorunmaq üçün müxtəlif sərinləşdirici vasitələrdən və qidalardan istifadə edirlər ki, bunlardan biri də dondurmalardır. Hazırda bu məhsula tələbat çox yüksəkdir və dondurma əhalinin böyük əksəriyyətinin istifadə etdiyi qidalar siyahısına daxildir. İstehsal müəssisələri də bunu məzərə alaraq müxtəlif adlar və markalar adı altında dondurma növləri istehsal edirlər.  

Ancaq son vaxtlar dondurmaların bir çoxunun keyfiyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar müşahidə olunur. Əhalinin bir çoxu onu yedikdən sonra boğazda qıcıqlanmanın, göynəmənin, ardınca isə şişlərin əmələ gəldiyini, bir çoxunun isə zəhərlənmələrə və qarın nahiyəsində ağrılara səbəb olduğunu iddia edirlər.

Qeyd edək ki, redaksiyamıza daxil olan şikayətdə vətəndaşlardan biri bir neçə gün əvvəl “İceland” şirkətinə məxsus “Bakılı qız” vanilli dondurmasını yedikdən sonra boğazında qıcıqlanma yarandığını və sözügedən durumun təxminən 1 saat davam etdiyini bildirib.

Mövzunun aktuallığını nəzərə alaraq kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bu məhsulun istehsal olunmasında əsasən 4 qida əlavəsindən (E471, E412, E466 və E407) istifadə olunur.

Bu əlavələr məhsulda qatılaşdırıcı və stabilizator funksiyalarını yerinə yetirir. Azərbaycan Səhiyyə Nazirliyi bunların ölkədə istifadəsinə icazə versə də, Almaniyanın Düsseldorf Pediatrik Onkoloji Klinikası sözügedən mövzuda maraqlı məlumatlar dərc edib.

Qeyd olunur ki, E407 və E466 kodlu qida əlavələri insanda bağırsaq problemlərinə səbəb olur. Bu məlumat Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiq olunub. Xüsusilə də hamilə qadınların və uşaqların bu cür qida əlavələrinin olduğu məhsullardan istifadə etməmələri məsləhət görülür.

Mövzu ilə bağlı  Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, qida mühəndis texnoloqu Ağa Salamov, boğazı qıcıqlandıran dondurmaların “paraşok” adlanan süni südlərdən hazırlandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, tərkibindəki şəkər miqdarı çox olduğu üçün yeyildikdə, boğazda qıcıqlanma yaradır:

“Hətta qanda şəkəri artırır ki, bu da şəkər diabeti olan insanlarda bəzi fəsadlar yarada bilər. Bu da olunla bağlıdır ki, bir çox sahələrdə olduğu kimi, dondurma istehsalında da biznes bicliklərindən və hiylələrindən istufadə olunur. Bu da çoxlu pul qazanmaqla bağlıdır. Xammal ucuz başa gəlsin, amma məhsul baha satılsın. Əgər maya dəyəri yüksək olarsa, mənfəət də az olacaq. Ancaq maya dəyəri aşağı olarsa, mənfəət qalxır, keyfiyyət isə olmur.

Təəssüf ki, Azərbaycanda bəzi müəssisələr həmin bicliklərdən istifadə edirlər və dondurmanı “paraşok”larla istehsal edirlər. Tərkibində olan bəzi qida əlavələri də insan orqanizmində müəyyən fəsadlar yaradır. Əgər istehsalçı şəkərin miqdarını azaltsa, süni südlərdən və şəkərlərdən istifadə etməsə, qarğıdalı siropundan istifadə etməsə, keyfiyyətli məhsul əldə edə bilərlər.

Onu da deyim ki, dondurmanın istehsalında qarğıdalı siropundan çox istifadə edilərsə, istehlak zamanı boğazda qıcıqlanma və göynəmə yaranacaq. Eyni zamanda, şəkər diabetli xəstələr, qara ciyər piylənməsindən, ürək-damar sistemlərindən, mədəaltı vəz və mədəəaltı xora xəstəliklərindən əziyyət çəkən şəxslər belə dondurmalardan uzaq olsunlar”.

Keyfiyyətli dondurmanın qablaşdırılmasından tanındığını söyləyən A.Salamov, bu da istehsal zamanı marketinq tələbinin yüksək olduğunu vurğulayıb:

“Ona görə ki, istehsalçı müştərinin istəklərini nəzərə alır. O, istəyir ki, dondurmanı alan şəxs qablaşdırmaya baxanda, məhsulun brend olduğunu görsün. Belə şirkətlər heç zaman məhsulunu qəpik-quruşa satmır. Bu da onu göstərir ki, məhsulun maya dəyəri aşağı olsa da, keyfiyyəti yüksək olur.

Orqanik və təbii süddən hazırlanmış dondurmaların yağlılıq dərəcəsi yuxarı olduğu üçün yeyən kimi udmağa ehtiyac qalmır və özü boğazda əriyərək həzm olunur. Çünki, istehsalı zamanı qarğıdalı siropundan deyil, təbii şəkərdən istifadə edilir ki, bu da normativlərə uyğun olur. Dondurmanın qablaşdırması gözəl və gözəçarpan olmalı, istifadə edən zaman yağlılıq nisbəti hiss olunmalı və digər normativlərə uyğun olmalıdır”.

Texnoloq, dondurmalardan əmələ gələn qida zəhərlənmələrinin əsas səbəbinin mikrobioloji çirklənmələrlə bağlı olduğunu açıqlayıb: 

“Müəssisədə istehsalda istifadə olunan avadanlıqlar gündəlik yuyulmalı və dizenfiksiya olunmalıdır. Amma çox vaxt bu qaydaya əməl olunmur. Həmin avadanlıqlarda hansısa süd və digər qida əlavəsinin qalıqları qalır. Yenidən istehsal zamanı isə həmin qalıqlar təzə məhsula çökür ki, bu da çarpaz və  mikrobioloji çirklənməyə gətirib çıxarır. Bu da sonda istehlakçının zəhərlənməsinə səbəb olur”.

Müsahibimiz, zəhərlənmələrin digər bir səbəbinin marketlərdəki və digər satış məntəqələrindəki dondurucu avadanlıqlarla bağlı olduğunu diqqətə çatdırıb: 

“Belə ki, məhsul istehsal olunduqdan və qablaşdırıldıqdan sonra həmin məntəqələrə gətirilir və soyuduculara yerləşdirilir. Əgər həmin məntəqədə işıq generatoru yoxdursa və işıqlar tez-tez sönürsə, bu zaman soyuducu da işləmir. Bunun da nəticəsində isti hava kütləsi daxil olur və məhsul əriməyə başlayır. İşıqlar gəldikdən sonra soyuducu işə düşür və məhsul yenidən donur. Məhsul bir dəfə donmalıdır. İkinci dəfə donarsa, o zaman zəhərlənmə riski də artır”.

Onun sözlərinə görə, başqa bir amil müştərinin məsuliyyətsizliyi ilə bağlıdır: 

“Belə ki, o, dondurmanı almaq üçün soyuducunun qapağını açır və məhsulu götürür, ancaq qapağını bağlamır. İsti hava kütləsi də içəri daxil olur və məhsulun əriməsinə səbəb olur. Buna görə də dondurmanı alarkən ən altdakı məhsulu götürmək lazımdır. Eləsini götürmək lazımdır ki, qablaşdırması deformasiyaya uğramasın və üstü açılmasın. Bu halların baş verməməsi üçün də marketin əməkdaşları avadanlıqlara ciddi nəzarət etməlidirlər”.