Belə yanaşma daha böyük fəlakətlərə yol aça bilər

“Rusiyada baş verən hadisə terror aktı nəticəsində çoxlu insan həyatını itirib, yaralılar var, müharibə meydanından uzaqda yaşayan sivil insanlara qarşı əsl qətliam törədilib. Qatillər cəzalarını almalı, onların arxasında duran şəxs və yaxud şəxslər qanunun ən sərt üzünü görməlidirlər. Heç kim, heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Hadisənin tam təfsilatı araşdırmalardan sonra məlum olacaq. Mənbələrin verdiyi rəqəmlər də fərqlidir, hələlik terror aktında iştirak etməkdə şübhəli bilinən 4 nəfərin həbs olunduğu bildirilir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, hadisədən xeyli əvvəl Qərb ölkələrinin Rusiyadakı səfirliklərinin yaydığı məlumatlar da şübhəlidir: “Həmin məlumatlarda Rusiyada terror aktının törədiləcəyi barədə açıq mətnlər var. Öz vətəndaşlarını mümkün qədər kütləvi tədbirlərdən çəkinmək barədə xəbərdarlıqlar var. Əcəba, dünyada öz adı və fəaliyyəti ilə məşhur olan Rusiya xüsusi xidmət orqanlarının bilmədiyini xarici kəşfiyyat haradan bilib? Və ən maraqlısı da budur ki, həmin xəbərdarlıqlara Rusiya tərəfi niyə ciddi yanaşmayıb. Əlbəttə, burada Qərb ölkələrinin son zamanlar Rusiyaya qarşı artan aldadıcı informasiya hücumları böyük rol oynayıb. Yadınızdadırsa, Avropa ölkələri və ABŞ tərəfindən buna bənzər məlumatlar yayılırdı və bütün bunlar diqqəti yayındırmaq üçün idi. Bu hadisənin də törədilməsində məqsəd də o ola bilər. Məsuliyyətin İŞİD-in üzərinə götürməsinə gəlincə, bu da aldadıcı versiya hesab edilə bilər. Çünki, həmin təşkilatın bəzi ölkələrdə yalnız kiçik ocaqları qalıb ki, onların da Moskvaya qədər gəlməsi ağılabatan deyil. Həm də ona görə ki, Rusiyanın Ukraynada başlatdığı xüsusi əməliyyat səbəbindən bu ölkədə təhlükəsizlik məsələlərinə çox diqqət yetirilirdi”.

A.Hüseynov bildirib ki, hansı millətin nümayəndəsi olursa-olsun bu qətliamı törədənlər terrorçudurlar: “Yaşanan bu cür hadisələr Azərbaycan xalqına tanışdır. Erməni terroru uzun illər ki, bizim regionda da sabitliyə ciddi təhlükə törədib və bu gün də törədir. Cümhuriyyətin yaranmasından bu günümüzə qədər ermənilər xalqımıza, onun sayılıb-seçilən insanlarına, dövlət və ictimai xadimlərinə qarşı terror aktlatrı törədiblər. Həm də bunu Ermənistan dövləti səviyyəsində həyata keçiriblər. Azərbaycan dövləti terrora qarşı olduğunu yüksək kürsülərdən daim bəyan edib və bütün ölkələri də həmrəyliyə dəvət edib. Çox təəssüflər ki, Azərbaycanın bütün çağırışlarına xüsusən də Qərb dövlətləri tərəfindən adekvat cavab verilməyib. Azərbaycan 11 sentyabr terroru zamanı ABŞ dövləti ilə həmrəy oldu, cinayətkarların cəzalandırılmasını istədi. Fransada və Avropanın digər ölkələrində baş verən oxşar hadisələr zamanı da rəsmi Bakı eyni reaksiyanı verdi. Amma qarşılığını erməni terroru zamanı ala bilmədi, əksinə həmi dövlətlərin rəsmi dairələri susmağa, ya da hadisəni təhrif etməyə çalışdılar. Bu gün Rusiyada baş verən terror aktını da Azərbaycan dövləti rəsmi şəkildə qınadı və cinayətkarların tutulması və layiqli şəkildə cəzalandırılmalarını istədi. Terrora qarşı bütün dünya ölkələri birləşməlidir, ikili yanaşma daha böyük fəlakətlərə yol aça bilər”.