“Beynəlxalq hüquqa əsaslanan konsepsiya hazırlanmalıdır”-Deputatdan Açıqlama

Azərbaycan prezidenti İlham Əliyevin 24 dekabrda Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı “Qayıdış konsepsiyası” ilə bağlı fikirlərini bildirdi. Bu konsepsiyanın hazırlanması ilə bağlı Qərbi Azərbaycan icması artıq fəaliyyətə başlayıb”.

Xalq.az xəbər verir ki, bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Onun sözlərinə görə, Prezident sözü gedən görüş zamanı Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu, amma, cümhuriyyət dövründə İrəvanın Ermənistana güzəştə gedilməsinin yanlış və xəyanət olduğunu bildirib: “Biz tariximizi unutmamalıyıq, çalışmalıyıq ki, soydaşlarımız öz doğma torpaqlarına qayıtsın. Müasir reallıq onu tələb edir ki, biz Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırladıqda bir neçə faktorları nəzərə almalıyıq.

İrəvan, Göyçə, Zəngəzur və digər Qərbi Azərbaycan əraziləri bizim tarixi torpaqlarımız olmaları ilə yanaşı hazırda Beynəlxalq Hüququn təsbit etdiyi və BMT tərəfindən tanınmış Ermənistan əraziləridir. Bu baxımdan biz həmin konsepsiyanı hazırladıqda bu faktı unutmamalıyıq. Sülhə və Beynəlxalq hüquqa əsaslanan konsepsiya təşkil olunmalıdır. İlk növbədə Azərbaycanın hüdudlarından kənarda beynəlxalq təşkilatlarda məhz indiki Ermənistan ərazilərində yaşayan azərbaycanlıların hüquqları tanınsın.

Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ərazilərinə köçmək hüququ bərpa edilməlidir. Azərbaycan toponimlərinə qarşı açıq-aşkar həyata keçirilmiş soyqırım siyasətini də dünya ictimaiyyətinin nəzərinə çatdırmalıyıq. Keçmiş xəritələr vasitəsilə toponimlərin dəyişdirildiyini göstərə bilərik. Digər tərəfdən də bizim tarixçilərimizin üzərinə çox böyük iş düşür ki, artıq daxili deyil, daha çox xarici auditoriya üçün keçərli elmi əsərlər hazırlamalıdırlar. Bu da bizim işimizi daha asanlaşdıracaq”.