Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı dəyirmi masa keçirilib

03

 

Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masa MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə gerçəkləşdirilməkdə olan “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, Şura 1 ay ərzində beynəlxalq münasibətlər mövzusunun yerli mediada işıqlandırılması ilə bağlı monitorinq keçirib: “Bizə maraqlı idi ki, jurnalistlər bu sahədə necə işləyirlər. Monitorinq 20 qəzet və 10 xəbər portalında aparıldı. Həmin müddət ərzində mətbuatda 3200-dən çox yazı çap olunub. Bu yazıların 1600-ə qədəri qəzet, 1600-ə qədəri isə xəbər portallarında çap olunub. Bu məsələ bizim diqqətimizdən yayınmadı. Baxmayaraq ki, 20 qəzet, 10 xəbər saytında biz bu monitorinqi aparmışdıq, onların təqdim etdikləri xəbərlərin sayı eyni idi. Çap olunan materiallar isə əsasən beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı idi. Təxminən 800-ə qədər xəbər bu sahəyə aid idi. Dağlıq Qarabağ məsələsi də mütəmadi olaraq öz əksini tapıb. Təxminən 200-ə yaxın materialda Qarabağ mövzusu əhatə olunub. Avropa ölkələri ilə bağlı yazılar daha çox üstünlük təşkil edir və xəbər portalları bu mövzunu qəzetlərdən 1/3 dəfə çox əhatə edirlər. Maraqlıdır ki, Avropa ölkələri ilə bağlı mövzular internet portallarında, Asiya ölkələri ilə bağlı yazılar isə qəzetlərdə üstünlük təşkil edir. Yəqin bu da klassik jurnalistika ənənəsi ilə bağlıdır. Avropa və Amerika ölkələri ilə bağlı siyasi xəbərlər üstünlük təşkil edir, iqtisadi səpkili mövzular isə Asiya ölkələrini əhatə edir”.

Şura sədri onu da əlavə edib ki, monitorinq zamanı yazıların əksəriyyətinin xəbər janrında olduğu da aşkarlanıb: “3200 yazıdan 2800-dən çoxu xəbər idi. Çox az hissəsini isə təhlil xarakterli və müsahibələr təşkil edirdi. Qəzetlərdə isə daha çox analitik yazılar çap olunub”.

Ə.Amaşovun sözlərinə görə, bu layihənin əsas məqsədi odur ki, bu cür monitorinqlər aparılsın, beynəlxalq mövzuda yazan istedadlı jurnalistlər aşkar olunsun, onlara xarici ölkələrdən dəvət olunan jurnalistlər treninq keçsin və sonda ən istedadlıları xarici ölkələrə göndərilsin: “Bizim layihənin 5 nəfərə yaxın jurnalisti xaricə göndərməyə imkanı çatar. Onlar xarici ölkələrin ən məşhur internet portallarında təcrübə keçməklə beynəlxalq jurnalistikanın “mətbəxinin” qoxusunu duymalı və sonra öyrəndiklərini yerli mətbuatda tətbiq etməlidirlər”.

Daha sonra sözügedən layihənin rəhbəri, millət vəkili Cavanşir Feyziyev çıxış edib və layihənin məqsədi ilə bağlı məlumat verib: “Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə xarici ölkələrdə təmsil olunub. Bəs Azərbaycan mətbuatı 20 il ərzində beynəlxalq arenada nələr edib? Artıq Azərbaycanda senzura olmadığı, dövlət qurumları tərəfindən hər hansı qadağalar qoyulmadığı üçün Mətbuat Şurası bu sahədə sərbəst formada layihələr təşkil edə bilər”.

C.Feyziyev qeyd edib ki, monitorinqlər zamanı mətbuatda minlərlə beynəlxalq mövzulu yazı çap olunubsa, onların 80 faizi xəbərdir: “Həmin yazıların çoxu da xarici mətbuatdan tərcümə olunan yazılardır. Azərbaycanda beynəlxalq mövzuda yazan jurnalistlərin analitik yazılarını tapmaq çox çətindir. Biz istəyirik ki, Azərbaycan jurnalisti bu xəbərlərin sadəcə kopyalayıcısı yox, yaradıcısı, daşıyıcısı, olsun. İstəyirik ki, onlar həm Azərbaycan, həm də dünya oxucusuna məlumatı birbaşa özləri çatdırsın. Bu layihə çərçivəsində bir neçə tədbirlər, konfranslar keçiriləcək. Hesab edirəm ki, 1 il ərzində buna potensialı olan jurnalistləri aşkar edə bilsək, yeni tədbirlər planı hazırlayıb istədiyimizə nail ola biləcəyik”.

Daha sonra deputatlar Musa Qasımlı, Rasim Musabəyov, Bəxtiyar Sadıqov, Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, KİV rəhbərləri, media ekspertləri, ictimai-siyasi xadimlər iştirak ediblər.