Beynəlxalq təşkilatlar ermənipərəst mövqe sərgiləyirlər

Bu təşkilat Ermənistanın uydurma iddialarına inanmamalıdır

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertləri guya Azərbaycan tərəfindən “Laçın dəhlizi”nin blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış ediblər. Otuz il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bu təşkilatın nümayəndələrinin belə qərəzli fikir səsləndirməsi BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsindən xəbər verir.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Yəni həmin ərazidə heç bir blokadadan və humanitar böhrandan söhbət gedə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib. Bu, Ermənistanın iddialarının əsassız olduğunu bir daha sübut edib.

“Gərgin humanitar vəziyyət”in hökm sürməsi məruzəçilərin fantaziyasıdır

 

Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, BMT-nin bəzi məruzəçilərinin ölkəmizə qarşı qərəzli mövqe tutması təəssüfedici haldır: “Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü öz sərhədləri çərçivəsində tanıdığı halda müxtəlif terminlərdən istifadə etməklə manipulyasiya alətinə çevrildiyini göstərməməlidir. Laçın yolunda “gərgin humanitar vəziyyət”in hökm sürməsi yalnız bir sıra ekspertlərin fantaziyası ola bilər. Ona görə də BMT hansısa naməlum ekspertlərə deyil, həqiqi faktlara inanmalıdır. Erməni lobbisinin təsiri altında fəaliyyət göstərən şəxslərə və ya qurumlara istinad etmək doğru deyil”.
Deputat deyib ki, Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi təmin olunur: “Yəni “blokada”, “humanitar böhran” kimi ifadələrdən istifadə etmək düzgün deyil. Bu, Ermənistan tərəfinin ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə həyata keçirdiyi manipulyasiyanın nəticəsidir”.