Birinci Alatava zibil içində

zibil

Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış sahəsində bir dənə də olsa, zibil qutusuna rast gəlmək mümkün deyil. Qutu olmasa da, məhəllə daxilində yerlə bir olan zibillər var. Sakinlər deyirlər ki, artıq neçə illərdir harda bir balaca boş sahə görürük, zibili ora atırıq. Ərazi üzrə mənzil istismar sahəsinə müracəit etsək də, dərdimizə əlac edilmir. Bunu da adıçəkilən ünvanın sakinləri deyir.

Qarşıdan isti yay aylarının gəlməsini nəzərə alaraq, sakinlər bu problemin tez aradan qaldırılmasını istəyirlər. Deyirlər yoxsa, yayda zibilin iyindən evdə oturmaq olmayacaq.

Yasamal rayon, 24 saylı mənzil istismar sahəsinin sahə nəzarətçisi Qalib Kərimov Birinci Alatava yaşayış sahəsinin giriş və çıxışlarında zibil qutularının olduğunu bildirib:

“Məhəllə daxilinə də 7 il bundan əvvəl zibil qutusu qoymuşduq. Amma oradakı evlər bir birinə çox yaxın olduğundan zibil qutularının yaxınlıqda yerləşməsindən narahat olan sakinlər şikayət etdi. Ona görə də həmin qutuları ərazidən uzaqlaşdırdıq. Bir qonşuya yox, özləri-öz aralarında müəyən etsinlər ki, hara qoyulsun. Müraciət etsinlər biz də gələk zibil qutusu qoyaq”.

Sahə nəzarətçisi dedi ki, sakinlər hələ öz aralarında bir razılığa gəlsinlər, sonra şikayət edərlər. Odur ki, zibil qutusunun qoyulacağı yeri müəyyən edib bir baş 24 saylı mənzil isismar sahəsinə üz tutun. Çünki, burada sizin qərarınızı gözləyənlər var.