“Biz eyni münasibəti Pakistan xalqından da görürük” – Deputat

“İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə səfərdə oldu. Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər mövcuddur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir” söyləyərək Azərbaycan-Pakistan münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, münasibətlər qarşılıqlı etimad, hörmət və səmimiyyət üzərində qurulub. Təbii ki, bu üç amilin vəhdəti əlaqələrin inkişafında stimulverici amildir. Dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Bu baxımdan ki, kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğu açıqlandı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi, siyasi dəstəyini dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir. Ölkəmizdə Azərbaycan Bayrağının Türkiyə və Pakistan bayraqları ilə qoşa dalğalanması dostluğumuzun, qardaşlığımızın nümayişidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”. Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Deputat qeyd edib ki, Pakistan işğal səbəbindən Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir: “Bu, münasibətlərimizin mühüm göstəricilərindən biridir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə, eyni zamanda, mətbuata birgə bəyanatlarında bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. “Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Biri ticarət və sərmayə, növbəti nümayəndə heyəti enerji məsələləri ilə məşgul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək”.

Əliabbas Salahzadə ölkələrimiz arasında münasibətlərin parlament səviyyəsində də yüksələn xətlə inkişaf etdiyini bildirib: “2021-ci ilin iyun ayının 15-də Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərini rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca iyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalandı. Bu mühüm addım hər üç ölkənin parlament tarixində önəmli hadisələrdən biridir. Bakı Bəyannaməsi üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platforma oldu. Bu addımlar, eyni zamanda, özündə müəyyən çağırışları ehtiva edir. Dünya Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafında dostluğun, qardaşlığın, ən əsası qarşılıqlı etimadın, səmimiyyətin nümunəsini görür. Təbii ki, mövqe birliyi olduqda hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür ki, bu gün həm Azərbaycan-Türkiyə, həm də Azərbaycan-Pakistan münasibətləri bunu dünyaya nümayiş etdirir”.

Deputat diqqəti bir mühüm məqama da yönəldib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında da öz sözünü deyir: “Dövlət başçısı İlham Əliyev bütün görüşlərində postmünaqişə dövrünün reallıqları fonunda bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə ölkəmizin sülh təklifindən, hazırda bu istiqamətdə atılan addımlardan geniş bəhs edir. Cənab İlham Əliyev Pakistanın Baş naziri ilə görüşündə də bu məsələyə diqqət yönəldərək bildirdi ki, sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!”

Əliabbas Salahzadə son günlərdə ölkəmizin ikitərəfli əlaqələrinin inkişafına xidmət edən mühüm addımlar sırasında iyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfərini də qeyd edib: “Prezident İlham Əliyev ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində oldular, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etdilər. Zəngilan rayonunun Ağalı kəndində keçirilən görüşdə dövlət başçısı İlham Əliyev Tatarıstan və Azərbaycan xalqlarının əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxladığını önə çəkərək bu məqamı da xüsusi qeyd etdi ki, əlaqələrimiz Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və səmərəli, dinamik şəkildə inkişaf edir”.