BŞTİ-nin layihələrinə 42 məktəb cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2022-2023-cü tədris ili ərzində təhsil müəssisələrində 12 layihə həyata keçirilib. BŞTİ-nin məlumatına görə, “Tarix yazan müəllimlər”, “Onlayn kitab klubu”, “Məktəbdə…”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Zərərli vərdişlərə birlikdə yox deyək” və “İdmansevərlər” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətinin daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM layihələrində də fəal iştirak edib. Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 42 məktəb cəlb olunub.