“Biz hamımız “Qarabağ”lıyıq”

Aydin

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarında Azərbaycanın “Qarabağ” futbol komandasının Hollandiyanın “Tvente” klubu ilə mübarizəsinin nəticəsi bütün Azərbaycana böyük bir sevinc yaşatdı.

Muarem Muaremin 51-ci dəqiqədə hesabı bərabərləşməsi və sonacan hesabın dəyişməməsi (1:1) hamımızın sevincinə səbəb oldu. Bununla da “Qarabağ” öz tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə dilə gətirib.

Onun qeyd etdiyinə görə, qələbənin özgə meydançasında və tanınmış bir komanda ilə gərgin bir mübarizədə qazanmsının özü də diqqəti çəkən bir məqamdır.

O qeyd edib ki, artıq Azərbaycan futbol komandaları Avropanın meydançalarında öz sözlərini deyə bilirlər- hesabı öz xeyrimizə dəyişə bilirik.

“Bir neçə komandamız var ki, onlarla oyuna xarici futbol komandaları böyük məsuliyyətlə hazırlaşırlar.

“Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” klublarının timsalında Azərbaycan futbolunun inkişafı göz qarşısındadır. Digər klublarımızın da uğurları vaxtaşırı azarkeşləri sevindirməkdədir. Ölkəmizdə futbolun inkişafına göstərilən qayğı öz nəticəsini verməkdədir. Klubların maddi-texniki bazaları möhkəməndirilir, uşaq futboluna diqqət artırılır, xarici futbol mütəxəssislərinin təcrübəsindən maksimum yararlanırlar.

Bütün bunların hamısı isə ümumilikdə Azərbaycanın bir dövlət kimi güclənməsi nəticəsində baş verir. Düzgün siyasət güclü dövlət, güclü iqtisadiyyat yaranmasına, ölkənin üzünə inamının artmasına və bir çox sahələrdə böyük uğurlara gətirib çıxarır.

“Qarabağ”ın uğuru göstərdi ki, biz bacarırıq və biz bacaracayıq!”-deyə, A.Mirzəzadə daha sonra qeyd edib.