“Biz hansısa siyasi cəsədi diriltmək üçün qanunu dəyişməliyik?” – Bəhruz Məhərrəmov

“Heç bir hüquqi və faktiki əsasa söykənmədən özünü siyasi partiya adlandıran Azərbaycan Xalq Cəbhəsi iki gün öncə etiraz bəyanatı yayaraq Azərbaycan hakimiyyətini “müxalifəti məhv etmək və ölkədə faktiki təkpartiyalı sistem yaratmaqda” ittiham etdi.  Bəyanatın məğzi ondan ibarətdir ki, “Ədliyyə Nazirliyinin siyasi sifarişlə AXCP-nin qeydiyyatını ləğv edə biləcəyi hiss olunur. Hüququn çox sadə prinsiplərindən biri ondan ibarətdir ki, ittiham ehtimallara əsaslana bilməz.Bir zamanlar hakimiyyəti zəbt etmiş, hazırda isə xülya olsa belə dövləti idarə etmək iddiası olan bir siyasi qrupun işini ehtimallar üzərində qurması, “hislərlə” yaşaması, intuisiya ilə qərar verəcək duruma düşməsi qəribə görünsə də, əslində təəccüb doğurmamalıdır”

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O qeyd edib ki, tərəfdarları feyk sosial media profillərindən, üzvləri isə ya ölmüş insanlardan, ya da xəyali personajlardan ibarət olan bir “partiyadan” bundan artığı gözlənə bilməz:

“Bildiyiniz kimi, Konstitusiyanın 54-cü,  “Siyasi partiyalar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək, habelə hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüquqlarına ən yüksək səviyyədə təminat verilir. O cümlədən siyasi partiyanın fəaliyyətinin dövlət təminatları, siyasi partiyaların yaradılması, qeydiyyatı və fəaliyəti ilə bağlı çox aşkar prosedur mövcuddur. Yəni Kərimlinin nə deməsindən asılı olmayaraq qanunvericiliyin tələbləri kifayət qədər aydın və ağlabatandır. Partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı tərəfindən təsis edilir, dövlət qeydiyyatına alınması üçün isə siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Bu şərtlər regionun əsas hərbi-siyasi gücü olan bir dövlətin idarəçiliyinə iddialı olan, vətəndaşlarının siyasi iradəsinin ifadə olunmasında iştirak etməyi hədəfləyən bir siyasi qrup üçün heç də ağır sayılmamalıdır”

“İndi Kərimli 6,3 milyon seçicisi olan bir toplumdan 5 min nəfərin dəstəyini ala bilmirsə, bu adam heç kim tərəfindən qəbul olunmursa, biz hansısa siyasi cəsədi diriltmək üçün qanunu dəyişməliyik? Riyakarlığın həddinə baxın ki, hüququn, qanunun aliliyindən danışanlar özlərinə çatanda əlahiddə yanaşma tələb edirlər.

Məsələ burasındadır ki, antimilli dairələr öz dediklərinə, öz saxta səhifələrindən özlərinə yazdıqları şərhlərə o qədər inanıblar ki, reallıqla barışa bilmirlər. Amma qulaqlarını açıb eşitsinlər ki, biz siyasi cəsədləri diriltməyi yox, çoxpartiyalı siyasi sistemi daha da sağlamlaşdırmağı hədəfləyirik. 2020-ci ilin martın 10-da cənab İlham Əliyevin Milli Məclisdə açıq formada bəyan etdiyi kimi, “biz istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin”. Bu istiqamətdə də lazımi bütün addımlar atılacaq, o cümlədən də AXCP-nin mənfur bəyanatında istinad edilən, İnzibati Xətalar Məcəlləsinə olunan 16 avqust dəyişiklikləri tam qüvvəsi ilə işləyəcək”. – deyə, o əlavə edib.