“Biz öz torpaqlarımıza qayıdırıq və bizi heç bir qüvvə durdura bilməz” – Ülviyyə Həmzəyeva

“Azərbaycan geostrateji anlamda böyük çəkiyə malik olan ölkədir. Üstəlik, Azərbaycanın müttəfiq olduğu ölkələr dünyada söz sahibi olan dövlətlər sırasındadır. Bu dönəm, önəmli hadisələrlə yaddaqalan oldu. Belə ki, Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfərləri, verilən mesajlar, imzalanan sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlığın bariz nümunəsidir”. Bu sözləri  deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Pakistan işğal dövründə Azərbaycana hər zaman dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı öz köməyini əsirgəməyib: “Türkiyə, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində hər iki qardaş ölkələrin bayraqlarını görə bilərik. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, Azərbaycan Türkiyə və Pakistan bayraqlarını hələ də dalğalanır. Bu, xalqımızın qardaş ölkələrə olan münasibətidir və biz eyni münasibəti Türkiyədən, həmçinin Pakistan xalqından da görürük”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan, Türkiyə və Pakistan – bu üç dövlətin əməkdaşlığı həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli formatda inamla inkişaf edir və ciddi siyasi dəstəkdir. Eyni zamanda, artıq Böyük Qayıdış planına uyğun olaraq, Laçına ikinci köç baş vermişdir. Biz öz torpaqlarımıza qayıdırıq və bizi heç bir qüvvə durdura bilməz. Bütün bu önəmli hadisələrin fonunda Ermənistan silahlı qüvvələri Laçında dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribat törətməsi, Ermənistanın və onun havadarlarının növbəti hərbi və siyasi təxribatı idi və layiqincə cavabı verildi.
Ermənistanın bu hərəkətləri, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz aktıdır. Bu təxribat onu göstərir ki, Ermənistan öz sözünün ağası olmadığı kimi, öz silahlı qüvvələrini də idarə edə bilmir və ya hələ də revanşist qüvvələrin təsiri altında nəyəsə ümid edir.

Lakin unutmasın ki, Azərbaycanın dəmir yumruğu hər an ona zərbə vurmaq üçün bütün gücü ilə fəaliyyətdədir! Azərbaycan öz torpaqlarını qaytarmaq fikrindən vaz keçmədiyi kimi, regionda sülh gətirən planlarından da dönməyəcək!”.