Deputat: “Bu gün leş qarğası kimi fürsət gözləyənlər var, bunlara həmin fürsəti vermək olmaz”

“Konstitusiyanın 26-cı maddəsi ilə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. O cümlədən də hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququna.

Eyni zamanda Konstitusion formada hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hətta dövlət hesabına yüksək keyfiyyətli hüquqi yardım imkanı var.

Sual yaranır, Gədəbəydə vətəndaşlar müvafiq problemlə bağlı aidiyyəti hüquqi imkanlardan istifadə edibmi?”

Bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, kimsə kal formada sərbəst toplaşmaq azadlığına istinad edirsə, bilsin ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 4-cü maddəsinə əsasən, toy, dəfn, bayram, matəm, o cümlədən dini mərasimlər istisna olmaqla sərbəst toplaşmaq yalnız dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı pozmamaq şərtilə mümkündür:

“Biz nə gördük? Zorakılıqla müşayiət olunan hərəkətlər.

Azərbaycan qadını bir örpəyi ilə qan davalarını dayandırıb, indi övladı yaşında polisə daş atıb, onu təhrik edən ağbirçəklər nə zaman meydana gəldi bu cəmiyyətdə?

Bu, Ağrı dağa baxıb yaşmaqlanan Azərbaycan qadının obrazı deyil, bu, övladını qurban verən, amma 30 ildə bir addım geri çəkilməyən Gədəbəyli ananın üslubu ola bilməz.

Bu, Laçın-Xankəndi yolunda ekoaktivistlərin fəaliyyətinə cavab olaraq hazırlanan, o insanların da alət edildiyi ləyaqətsiz təxribatdır.

Bu, Avroparlamentdəki anti-Azərbaycan dinləmənin, son həftələrdə intensivləşən hərbi təxribatlarının bir həlqəsidir.

Necə oldu, aksiya başlanan anda Qərbdən maliyyələşən muzdlu yal mediası hadisə yerində idi?

Şuşa-Laçın yolunda 138 günlük aksiyalarda, harda idi bu media, bu gün Gədəbəydən canlı yayımlar edənlər biri bir cümlə yazmışdımı o aksiyadan?
Yaxud, Şuşada ekofəalların əlindəki plakatların imitasiyası birdən-birə Söyüdlüdə haradan peyda oldu, kim təşkil etdi?

Qanunla polisin vəzifəsi müəyyənləşib, əgər qanunsuz toplaşanlar daşla, küt alətlərlə ərazidəki fəhlələrə xəsarət yetirsə, polis nə etməli idi?”.

Bəhruz Məhərrəmov qeyd edib ki, “Polis haqqında” qanunun 26-ci maddəsinə əsasən, polis əməkdaşı konkret hallarda  xüsusi vasitələri tətbiq edə bilər:

“Eyni zamanda xüsusi vasitənin tətbiq edildiyi hər bir halda xidməti yoxlama aparılır və rəy verilir. Orada qadına qarşı gözyaşardıcı qazın tətbiqi üzrə də təbii ki, müvafiq rəy hazırlanacaq və yalnız bundan sonra pozuntuya yol verilib-vermədiyini demək olar.

Hər kəs də əmin olsun ki, iş obyektiv, tam və hərtərəfli araşdırılacaq. Polis bu dövlətin sütunudur, hansısa polis əməkdaşı fərz edək ki, səlahiyyətlərini aşıb, bu bütövlükdə polisə hücum etməyə əsas verirmi?

Unutmayaq ki, polisi hədəfə almaq dövləti hədəfə almaq, sabitliyi, ictimai təhlükəsizliyi hədəfə almaqdır.

Dövlətin bu istiqamətdə mövqeyi aydındır, bilirsiz Baş nazirin Sərəncamı ilə bu istiqamətdə komissiya yaranıb, araşdırma gedir.

Əziz həmkarlar biz, qanunçuluğu bir tərəfə qoyub, insanların qulağına xoş gələn ifadələrdən çəkinməliyik. Prioritetimiz hüququn və qanunun aliliyinin qorunması, dövlətçiliyin və bütövlükdə xalqın mənafelərinin müdafiəsi olmalıdır. Bu gün leş qarğası kimi fürsət gözləyənlər var, bunlara həmin fürsəti vermək olmaz.

Heydər Əliyevin qurduğu bu dövləti, İlham Əliyevin yaratdığı bu reallığı kimsə hədəfə ala bilməz, heç kimə imkan verilməyəcək ki, dövlətimizi 90-cı illərin Azərbycanına qaytarsın, bu ölkəni Suriyaya, Liviyaya döndərsin. Necəki dövlət öz xalqının yanındadır, xalq da öz dövlətinin keşiyindədir.
Sosial şəbəkələrdəki 3-5 ünsür xalq deyil, xalqı təmsil etmir”.