BMT real faktlara əsaslanmalıdır

Bu təşkilat Ermənistanın uydurma iddialarına inanmamalıdır

 

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertləri guya Azərbaycan tərəfindən “Laçın dəhlizi”nin blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış ediblər. Otuz il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bu təşkilatın nümayəndələrinin belə qərəzli fikir səsləndirməsi BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsindən xəbər verir.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Yəni həmin ərazidə heç bir blokadadan və humanitar böhrandan söhbət gedə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib. Bu, Ermənistanın iddialarının əsassız olduğunu bir daha sübut edib.

 Beynəlxalq təşkilatlar ermənipərəst mövqe sərgiləyirlər

 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən deyib ki, BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri qərəzli mövqe tutaraq obyektivlikdən kənar, BMT-nin heç bir hüquq müstəvisinə yaraşmayan, beynəlxalq  münasibətlər sisteminə ləkə gətirən iddialar səsləndiriblər: “Adlarını ekspert qoyan həmin şəxslərin guya Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadada saxlanması iddiasını irəli sürmələri və bu gün artıq mövcud olmayan “Dağlıq Qarabağ”, eləcə də “humanitar böhran” ifadələrindən istifadə etmələri təəssüf doğurur. XİN-nin bəyanatında qeyd olunduğu kimi, bu, BMT orqanlarının manipulyasiya alətinə çevrilməsinin bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, bu beynəlxalq təşkilat 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün, eləcə də Qərbi Azərbaycandan qovulmuş təxminən yarım milyon insanın hüquqlarının pozulmasına etiraz olaraq bu günə qədər bir kəlmə də işlətməyib, ya tamamilə susqunluq, ya da qərəz nümayiş etdirib”.
Ramil Həsən vurğulayıb ki, BMT-nin bəzi ekspertləri ermənispərəst mövqe tutub. Məcburi köçkünlərin öz evlərinə qayıtmalarına mane olan cəhdlərə göz yuman BMT-nin xüsusi məruzəçiləri Ermənistanın manipulyasiyalarına aldanıb, yenidən qərəzli bəyanatlar verirlər: “Bu, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı iki dövlətin müvafiq qurumları arasında vasitəçiliklə həyata keçirilən danışıqlara kölgə salır. Həmçinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Onların əsassız iddiaları eyni zamanda daxili işlərimizə qarışmaq mənasını verir, ikili standartların tətbiq olunmasının bariz nümunəsidir”.
Bu səbəbdən də icma bəyanat yayaraq bir daha bütün qlobal təşkilatları obyektiv olmağa, Laçın koridoru ilə bağlı ölkəmizin beynəxalq münasibətlər sistemi çərçivəsində özünə aid olan hüquqlarının təsbitinə hörmətlə yanaşmağa çağırıb.
“Laçın dəhlizi Azərbaycanın suveren ərazisində yerləşir, orada yaradılmış sərhəd-buraxılış məntəqəsi də yalnız və yalnız ölkəmizin daxili işidir. Ona görə də beynəlxalq təşkilatların “Dağlıq Qarabağ” ifadəsindən imtina etmələrinin, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalarının, eyni zamanda Qarabağda yaşayan erməniəsilli şəxslərin cəmiyyətimizə reinteqrasiyasına kömək göstərmələrinin vacib olduğunu vurğulayırıq. Bir sözlə, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində həyata keçirilən hər bir şey ölkəmizin milli maraqlarını, hüquq və haqlarını tam şəkildə təmin etməlidir. Beynəlxalq təşkilatlar da Ermənistanın bu manipulyativ addımlarının təsirinə düşmədən, açıq-aydın şəkildə tərəfsizlik nümayiş etdirməlidirlər”, – deyə R.Həsən qeyd edib.