BMT sammitində Bəyannamə qəbul edilib

BMT-1

BMT-nin iqlim məsələlərinə dair sammitində Meşələr haqqında Bəyannamə qəbul edilib.

Tədbir iştirakçıları 2020-ci ilədək meşələrin qırılmasını yarıya qədər azaldacaqlarına, 2030-cu ilədək isə xüsusən meşəsalmanın köməyi ilə meşələrin qırılması meylinin qarşısını tam alacaqlarına söz veriblər.

Bəyannamədə ümumi sahəsi bütün Hindistanın ərazisindən çox olan 350 milyon hektardan çox təbii və süni meşə sahələrinin bərpa olunmasına çağırış yer alıb. Nəzərdə tutulan tədbirlər sayəsində karbon qazı tullantılarının 2030-cu ilə qədər ildə 4,5-8,8 milyard ton azaldılacağı təxmin edilir ki, bu da bir milyard avtomobilin hasil etdiyi karbon qazı tullantılarına bərabərdir.

Meşələr haqqında Bəyannamə inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr, habelə transmilli korporasiyaların, qida, kağız və digər sənaye sahələrinin, habelə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən bəyənilib. Hüquqi cəhətdən məcburi sənəd olmayan bu Bəyannamənin qəbul olunmasını alqışlayan BMT-nin Baş katibi Pan Gi Mun vurğulayıb ki, burada əksini tapan müddəaların yerinə yetirilməsi parnik qazları emissiyalarının azaldılmasına mühüm töhfə verəcək.