Böyükşor gölü tamamilə təmizlənəcək

Gol

Böyükşor gölünün çirkab sulardan tamamilə təmizlənməsi layihəsi 2018-ci ilə qədər başa çatacaq.

Bu barədə “Ekoloks” ekoloji hüquq mərkəzinin eksperti Samir İsayev məlumat verib. Onun sözlərinə görə, gölün tamamilə yenidən qurulması üçün Hollandiyadan texnika gətirilməsi planlaşdırılır. Həmin texnikalar sayəsində nəinki gölün ətrafı, həmçinin dibi də təmizlənəcək. Təxminən bir metrdən artıq dərinlikdə lil qatı çıxarılacaq və gölə təmiz su veriləcək.

Böyükşor gölünün tamamilə ekoloji təmiz gölə çevriləcəyini, bitki və canlılardan ibarət mühit formalaşdırılacağını deyən Samir İsayev bildirib ki, gölün tamamilə bərpası üçün görüləcək bütün işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: “Plana əsasən gölə bitişik obyektlər ləğv olunacaq. Gölün genişləndirilməsi yox, kiçildilməsi nəzərdə tutulur. İlk olaraq gölün 1/3 hissəsində abadlıq işləri aparılacaq. Həmin ərazini göldən yeni magistral yol ayıracaq. Layihəyə əsasən, Böyükşor gölünü iki yerə böləcək 6 zolaqlı yolun eni 44 metr olacaq. Fikrimcə, gölün üzərindən körpü salınsaydı, daha münasib olardı. Lakin körpü tikilməsi baha başa gəlir”.

Samir İsayev bildirib ki, Böyükşor gölü də daxil olmaqla, artıq 9 göldə monitorinqlər və tədqiqatlar aparılıb. Göllərin geoloji və hidroloji məqamları araşdırılıb, göl suyundan, lilindən analizlər götürülüb: “Ətraf mühiti sağlamlaşdırmaq üçün istənilən halda böyük vəsait lazımdır. Bunun başqa yolu yoxdur. Böyükşor gölünün ilk olaraq seçilməsi şəhərin infrastrukturu ilə bağlıdır. Sıra ilə götürsək, ikinci növbədə Xocasən gölünün sağlamlaşdırılmasına real imkan var. Daha sonra Binəqədi gölü əhəmiyyətidir. Bunlara xərc çəkilsə, dövlət bu işdən qazanar”.

Masazır gölünün aqibətinə də toxunan Samir İsayev bildirib ki, sözügedən göl 9 gölün sırasında deyil: “Amma bu gölün çox dəyərli bir yeri var. Masazır gölü bir az fərqlidir. Onun qurudulmasından söhbət gedə bilməz. Çünki sərvətdir, orada olan duz müalicəvi əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, o gölün ətrafında sanatoriyalar tikilməli, müalicə və sənaye məqsədi ilə istifadə olunmalıdır”.

Abşeron yarımadasında 9 çirklənmiş gölün dövlət vəsaitləri hesabına bərpa olunmasına gəlincə Samir İsayev bildirib ki, bu işlərin bütünlüklə büdcə hesabına gerçəkləşdirilməsi düzgün deyil. “Bunun üçün sahibkarların imkanlarından istifadə edilməlidir. Dünyanın heç bir yerində eyni vaxtda 9 gölün qurudulması üçün maddi imkan olmayıb. Belə bir imkanın Azərbaycanda olması, əlbəttə sevindiricidir. Amma yaxşı olardı ki, sahibkarların da imkanlarından istifadə olunsun. Dünya təcrübəsində belə layihələrin gerçəkləşməsində sahibkarların böyük rolu olub”.