“Bu, ən böyük hərbi-siyasi qələbələrimizdən biridir” – Tamam Cəfərova

“44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu. Hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü ilk növbədə həmin dövlətin sərhədlərinin toxunulmazlığı ilə təmin edilir. Və öz sərhədlərinə tam nəzarəti həyata keçirmək Azərbaycanın da legitim hüququdur. Bununla belə, dövlətimiz Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla əlaqəsinin Laçın-Xankənkdi yolu ilə fasiləsiz təmin olunmasına razılıq vermiş və bununla bir daha ölkəmizdə humanizm prinsiplərinin yüksək dəyərləndirildiyini bütün dünyaya nümayiş etdirmişdir. Lakin bunun müqabilində ermənilər hər zaman olduğu kimi, yenə də onlara verilən şansdan təxribatlar törətmək, vəziyyəti gərginləşdirmək üçün istifadə edirdilər. Humanitar məqsədlərlə onlara təqdim olunmuş dəhlizdən bu nankorlar hələ də Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, habelə silah, sursat, mina və xarici terrorçuların daşınması üçün istifadə edirdilər. Təbii ki, Azərbaycan dövləti buna göz yuma bilməzdi. Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi.”

Bu sözləri  Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. “Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı, eləcə də, Ermənsitanın  Azərbaycana qarşı beynəlxalq təşkilatlar qarşısında əsassız iddialar qaldırması, anti-azərbaycan bəyanat və qətnamələrin qəbul edilməsinə nail olmağa çalışması Laçın sərhəd-keçid məntəqəsi ətrafında hazırlanan şounun tərkib hissəsidir. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul etməliyik. Şübhəsiz ki, Azərbaycan Ermənistanın bütün şou və manipulyasiyaları, eləcə də, hərbi təxribatlarının öhdəsindən uğurla gəlir.

Tamam Cəfərova öz fikirlərini davam etdirərək bildirib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı öz məqsədləri üçün “səfərbər” etmək cəhdləri bu dəfə də uğursuzluqla nəticələnib. Laçın rayonu ölkəmizin daxili ərazisidir və burada həyata keçirilən bütün tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Azərbaycanın daxili işlərinə hər hansı xarici qüvvənin müdaxilə etməsinə isə heç bir halda yol verilməyəcək. Bu məqam Ölkə Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığının gedişində də öz əksini tapmışdır. Möhtərəm dövlət başçımız ölkəmizin prinsipial və ədalətli mövqeyini nümayiş etdirərək belə demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Bununla da Ermənistanın ölkəmizə qarşı növbəti siyasi təxribatının qarşısı qətiyyətlə alınmışdır.”

Tamam Cəfərova daha sonra beynəlxalq təşkilatların bu məsələdə məhz Azərbaycanın haqlı olduğunu təsdiqlədiklərini vurğulayaraq bunları deyib: “Sözsüz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra Azərbaycanın əldə etdiyi ən mühüm hərbi-siyasi qələbələrdən biri və İkinci Qarabağ savaşından sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir. Bu məntəqənin açılması ilə regionun geosiyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan bu dəfə də öz addımını beynəlxalq hüquqa uyğun olaraq atdı. Təsadüfi deyil ki, Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı rədd edildi və məntəqənin qanunsuz olması ilə bağlı bütün iddialar qəti şəkildə təkzib olundu. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında bu yaxınlarda keçirilmiş müzakirələrdə də Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyi qeyd olunmuş və bununla da Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyi təsdiqlənmişdi”, – Tamam Cəfərova belə deyib