Deputat “Azərbaycan erməni yalanlarını növbəti dəfə ifşa edir”

Fransa Azərbaycana qarşı növbəti təxribat törtəmək üçün Qarabağda vəziyyəti gərginləşdirməyə yönəlik addımlar atır.

 

Milli Məclisin  deputatı Nəsib Məhəməliyev söyləyib ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə un məmulatlarını göndərməsi həm hüquqi, həm də məntiqi baxımdan doğru addımdır:

 

“Son aylar dünya erməniliyi tərəfindən saxta şüarlarla regionda humanitar böhranın baş verməsi, Azərbaycanın Qarabağdakı erməniləri blokadada saxlaması barədə çoxsaylı yalan, böhtan xarakterli təbliğat aparılıb. Bu təbliğatın əsasının olmadığını sübut etmək üçün təbii olaraq Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Xankəndiyə yardım göndərib. Biz bununla dünya birliyinə göstərdik ki, həqiqətən də, humanitar böhran varsa, buyurun, sizə əlavə yol təklif edirik. Dünya birliyi Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır. Biz də Azərbaycan ərazisindən öz vətəndaşlarımıza yardım göndəririk. Yolun bağlanması ilə bağlı yalanı da üzə çıxardıq.  Biz bəyan etdik ki, Ağdam-Xankəndi yolu işləkdir. Biz ermənilərə bu yol vasitəsilə tam şəkildə imkan yaradırıq ki, istənilən yükləri gətirib, aparsınlar”.

Deputat vurğulayıb ki, Fransa və şəxsən Prezident Makron regionda sülhün yaranmasını istəmir:

“Fransa çox gözəl başa düşür ki, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaqla, öz dövlət sərhədlərinə nəzarət edir.Beynəlxalq hüquqa əsaslanır. Fransanın da qəbul və etiraf etdiyi kimi bura Azərbaycan dövət sərhədidir. İstənilən dövlət öz sərhədlərini nəzarətə götürmək məcburiyyətindədir. Əks halda çoxsaylı təxribatçılar, separatçılar, revanşistlər, millətçilər həmin yolla Qarabağda separatçılığı yenidən qızışdırmaq üçün istifadə edirlər. Bu da dövlət təhlükəsizliyimizə təhdiddir. Bunu heç bir ölkə qəbul etməz. Fransa sərhəddən bu “TIR”ların buraxılmayacağını bilə-bilə belə addımı atırsa, demək onun əsas məqsədi təxribat törətmək və beynəlxalq ictimai birliyi Azərbaycan əleyhinə qaldırmaqdır. Fransa, şəxsən Prezident Makron  bölgədə sülhün tam əleyhinə olduğunu göstərir.  Fransa öz geosiyasi maraqlarından çıxış edərək növbəti dəfə erməni xalqını müdafiə edir.  Birinci dünya müharibəsindən sonra necə  erməniləri təhrik edib, sonra onların arxasından qaçmışdısa, indi də tarix təkrarlanır. Fransanın bu hərəkətləri də iflasa uğrayacaq. Azərbaycan 90-cı illərin  əvvəlindəki kimi zəif deyil. Azərbaycan sivil yollarla, beynəlxalq hüquqa söykənərək öz milli maraqlarını müdafiə etmək iqttidarında olan dövlətdir. Fransanın bu cəhdləri,  təxribatları heç bir nəticə verməyəcək”.