“Bu aksiyalar və çağırışlar erməni lobbisinin planıdır” – Deputat

“Separatçıların əli hər yerdən üzüləndən sonra Xankəndidə aksiyalar keçirir, “humanitar böhran”la qarşılaşdıqlarını iddia edərək dünyaya car çəkirlər”.

Bu sözləri  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, aksiyalarda xristian amilini də qabardaraq xristian dünyasının dəstək göstərməsini tələb edirlər:

“Bu aksiyalar və çağırışlar erməni lobbisinin planıdır. Onlar Xankəndidə təşkil olunmuş qurama aksiyalarda, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çaılışırlar. Erməni lobbisi bu yolla dünyanın diqqətini Xankəndiyə yönəltməyə, Ermənistanla bağlanacaq sülh prosesinə kölgə salmağa çalışırlar. Yayılan məlumatlara görə, Xankəndidə ermənilər arasında ikitirəlik yaranıb, hərəsi özünü bir yana dartır”.

Müsahibimiz hesab edir ki, separatçıların və erməni lobbisinin təxribatçı cəhdləri onların sonuncu ümidlərdir. Amma deputata görə, bütün bu cəhdlər boşunadır:

“Azərbaycanın suverən ərazi bütövlüyünə heç kim təsir edə blməz. Azərbaycan separatçıların və erməni lobbisinin ağlaşmalarına əhəmiyyət vermir və haqq yolda hərəkət etməkdə davam edir”.

Deputat vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin yeganə çıxış yolu Azərbaycan qanunlarına tabe olub inteqrasiya olunmaqdır:

“Kim Azərbaycanın tərkibində yaşamaq istəmirsə, özü üçün başqa yaşayış yeri tapsın. Ermənilər sülh müqaviləsinin imzalanmasını ləngidə bilərlərsə, özlərinin işidir. Bu gün sülh müqaviləsinin imzalanması Ermənistan üçün daha vacibdir. Əgər Ermənistan erməni lobbisinin təsiri altına düşüb sülh müqaviləsini imzalamaqdan yayınarsa, bu, ancaq özlərinə zaiyan olacaq. Biz sülh müqaviləsi imzalamadan da yaşaya bilərik. Azərbaycan öz ərasizin bütövlüyünü təmin edib. Bundan sonra sülh imzalanmasa belə ölkənin ərazi bütövlüyü göz bəbəyi kimi qorunur”.

Qeyd edək ki, Xankəndidəki erməni separatçı-terrorçuların “humunitar fəlakət şousu”na başlaması ilə dünyadakı erməni diasporu da təbliğat rıçaqlarını işə salıb. “Vaşinqton Tayms” nəşrində başdan-başa Türkiyə və Azərbaycana qarşı qərəz, yalan və böhtanlarla dolu yazı dərc olunub. “Ərdoğanın kobud oyunu: Türkiyə Ermənistanı cəzalandırmaq üçün Azərbaycanla birləşir” adlı məqalədə iddia edilir ki, Ərdoğan Türkiyənin təsir dairəsini genişləndirmək istəyir, qarşısındakı “maneə” isə “dünyanın ən qədim xristian xalqının yaşadığı” Ermənistandır”. Məqalədə faktların təhrifi, yalan və böhtanlar o qədər artır ki, hətta guya 2020-ci il İkinci Qarabağ savaşında Azərbaycanın Türkiyə F-16-ları ilə hücum etdiyi də iddia edilir.