“Artıq anti-milli cəbhə fakt qarşısındadır” – Bəhruz Məhərrəmov

““Siyasi Partiyalar haqqında” Qanunla  siyasi partiyalar 6 prinsip, o cümlədən könüllülük, qanunçuluq və aşkarlıq prinsipləri əsasında Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı tərəfindən təsis edilir. Dövlət qeydiyyatına alınması üçün isə siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 10 milyon əhalisi və regionun ən böyük hərbi gücü olan bir dövlətin idarəçiliyinə iddialı olan, ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etməyi hədəfləyən bir birlik üçün ağır şərtlərdirmi? Qətiyyən!”

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu ilin may ayında açıqlanan statistikaya əsasən, ölkədə səsvermə hüququ olan 6 milyon 330 mindən artıq vətəndaş var: “6,3 milyondan 5 min nəfərin imzasını ala bilməmək siyasi cəhətdən bitməyin göstəricisidir. Təsəvvür edin, 6.3 milyon seçicidən 5 min nəfərin dəstəyini alıb dürüst imzasını toplaya bilməyən adamlar ölkə idarə etmək istəyir. Qanun qəbul edilərkən dirənən və etirazını bildirən anti-milli dairələr əslində yeni normativ hüquqi aktın onların siyasi cəhətdən artıq bitdiyi reallığını üzə çıxaracağını bilirdilər. Bu gün bir daha aydın olur ki, etirazlar da əslində bu məqsədə xidmət edirdi. Lakin qanun qəbul olundu. Artıq anti-milli cəbhə fakt qarşısındadır. Bunlarda 5 min insanın imzasını toplayacaq potensial, 5 min insanın qapısını döyəcək cəsarət varmı? Təbii ki, yox. Anti-milli cəbhəni təmsil edən bəzi dərnəklərin təqdim etdikləri sənədlər isə göstərdi ki, həmişə olduğu kimi, bu dəfə də ümidləri saxtakarlığa qalıb. Saxtakarlıq isə bunların təməlində var. Partiyaya üzv olmayan adamların, yaxud başqa partiyaların üzvlərini aldadaraq siyahıya imza atdırmanın saxtakarlıqdan başqa adı varmı?”