“Bu cür mövqe sərgiləmək nəticə etibarı ilə iflasa uğrayacaq” – Deputat

Brüsseldə Aİ-nin təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında sülh sazişi istiqamətində üçtərəfli formatda keçirilən danışıqlar prosesi onu sübut etdi ki, gündəliyi müəyyənləşdirən və diktə edən tərəf Azərbaycandır.

Bunu  deputat İltizam Yusifov deyib.

 

Onun sözlərinə görə, Brüsseldə üçtərəfli formatda keçirilən görüşün yekunları Azərbaycan diplomatiyasının uğuru hesab etmək olar. 

“Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunu ilə bağlı verdiyi bəyanat deməyə əsas verir. Danışıqlar masasına İrəvan tərəfi də müəyyən təkliflər irəli sürsə də, əsasən Azərbaycanın irəli sürdüyü sülh təklifləri əsasında aparılıb. Son danışıqlar prosesində ən mühüm məqam ondan ibarətdir ki, vaxtı ilə Qərbi Zəngəzurdan öz ata yurdlarından qaçqın düşən soydaşlarımızın da öz yurdlarına qayıtması danışıqlar masasında olması Azərbaycanın yürütdüyü qətiyyətli siyasətinin və diplomatiyasının uğurunun göstəricisidir. Bu Azərbaycan Prezidentinin soydaşlarımızın öz yurdlarına dönməsi ilə bağlı verdiyi bəyanatın həyata keçirilməsi istiqamətində atılan addımlardır”, – o qeyd edib.

Deputat əlavə edib ki, görüşdə İrəvanın bir daha Qarabağ və anklavlar daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləməsi, sərhədlərin delimitasiyası və bu istiqamətdə birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Qarabağdakı ermənilərin təhlükəsizliyi kimi məsələlərlə bağlı müzakirələrdə irəliləyişlər əldə edilib: “Bütün bunlar hamısı Azərbaycanın sülh şərtləridir.

Artıq Aİ-də Ermənistan tərəfinin dəmiryol xəttinin çəkilişinə vaxt itirmədən başlaması barədə etdiyi çağırış və Brüsselin dəmiryol xəttinin tikintisinə maliyyə dəstəyi göstərəcəyi barədə verdiyi mesajlar müsbət məqamlardır. Odur ki İrəvan Brüsselin bu çağırışından nəticə çıxarıb faydalanmalıdır. Çünki yolun çəkilişi məhz Ermənistan tərəfinin destruktiv mövqe sərgiləməsi nəticəsində gecikir.

Danışıqlar müsbət məqamlardan biri də Brüsselin Laçın yolu ilə paralel olaraq Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyi ilə bağlı təklifini dəstəkləməsidir. Brüssel hesab edir ki, Ağdamdan Xankəndiyə ərzaq və digər zəruri məhsulların çatdırılması, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına və etimad mühitinin yaranmasına öz müsbət töhfəsini verəcək. Şarl Mişel Qarabağ ermənilərinin reinteqrasiya məsələsi ilə bağlı birbaşa Bakı ilə dialoqa getməsi barədə verdiyi mesaj da danışıqlar prosesinin müsbət məqamlarından biridir. Ümumiyyətlə, Vaşinqton, Kişniyov, Brüssel görüşləri bir-birini tamamlayan və tezliklə bölgədə sülhün yaranmasına xidmət edən danışıqlar prosesidir”.

Rusiya XİN-in Brüssel danışıqlarının yekunu ilə bağlı verdiyi bəyanatı mövqeyini açıqlayan deputat bildirib ki, belə bir bəyanat İrəvanla Bakı arasında sülhün əldə edilməsi ilə bağlı olaraq istər 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatın, istərsə də vasitəçi bir ölkə olaraq üzərinə götürdüyü öhdəliklərə daban-dabana ziddir: “Kremlin bu  bəyanatı Rusiyanın 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatı ilə  bölgədə ən qısa zamanda sülhün təmin edilməsi  istiqamətində üzərinə götürdüyü öhdəliklərin tam əksidir.

Rusiya özü ədalətli, beynəlxalq hüququn tələblərinə uyğun şəkildə sülh istiqamətində real addımlar atsaydı və bu zaman Qərb buna qarşı çıxsaydı, bax, o zaman Kreml mövqeyində haqlı olardı. Amma indiki şəraitdə Moskvanın bu hərəkəti bölgədə sülhə deyil, gərginliyin davam etməsinə xidmət edir.

Bu da nəticə etibarı ilə  sülh missiyasını üzərinə götürən Rusiyanın sülhsevər mövqeyini zərbə altına qoymaqla, yanaşı beynəlxalq mövqeyinə də sarsıdıcı zərbə vurur.

Moskva unutmamalıdır ki, 10 noyabr bəyanatı ilə ən qısa zamanda bölgədə sülh sazişi imzalanması üçün rus hərbi kontigentinin müvəqqəti nəzarətində olan ərazilərdən qanunsuz hərbi birləşmələri tərksilah edib, oarada yaşayan sadə ermənilərlə Azərbaycan əhalisi arasında etimad mühitinin yaradılması barədə üzərinə öhdəlik götürüb. Lakin biz bu ötən müddətdə bunun deyil, əksinə rus hərbi kontingentin  müvəqqəti nəzarətində olan ərazilərdə terrorçu-separatçı qüvvələrə hərtərəfli dəstəyin şahidi olmuşuq. Moskva sülhün əldə edilməməsi üçün ən müxtəlif taktikalara əl atıb. Son günlərdə Xankəndində baş verən proseslər, sərhəddəki təxribatda məhz bu “fəaliyyətin” nəticəsidir. Rusiya onu da anlamalıdır ki, bu cür destruktiv mövqe sərgiləməklə əslində öz maraqlarına zərbə vurmuş olur. Bu cür mövqe sərgiləmək nəticə etibarı ilə iflasa uğrayacaq”.