“Hacıbala Abutalıbovun Azərbaycan xalqına vurduğu zərərin sayı-hesabı bilinmir” – Ekspert

“Hacıbala Abutalıbovun Azərbaycan cəmiyyətinə, Bakı şəhərinə vurduğu ziyan hesablansa ona hardasa, 10 min il həbs cəzası verilə bilər”.

Bunu nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhərinin yağışdan sonra su-kanalizasiya sisteminin işləməməsi ilə bağlı fikir bildirərkən deyib.

Ekspert bunun səbəbinin yol infrastrukturu və su-kanalizasiya sistminin düzgün qurulmaması ilə izah edib:

“Hacıbala Abutalıbov Azərbaycan xalqına vurduğu zərərin sayı-hesabı bilinmir. İctimai nəqliyyat sistemini çökdürən, yol infrastrukturunu dağıdan, yaşıllıqlara qənim kəsilən bir şəxsdir. Nə qədər iyrənc işlər varsa, ardından onun adı çəkilir. O bu əməllərin hamısını edib. Su kanalizasiya sistemində yağış barmaqlıqları vardı, hanı onlar? Dəmir yığanlar ona yaxşı pul təklif elədilər, yığdırdı və satdı. Hacıbala öz əməlləri ilə cəmiyyətə düşmənçiliyini göstərib. Elə bir vəziyyət yaradıb ki, altından çıxmaq olmur”.

Ekspertin sözlərinə görə, dövlət tərəfindən yağış sularının idarə edilməsi, su-kanalizasiya sisteminin qurulmasına ayrılan pullara böyük bir şəhər salmaq olardı:

“Amma biz bu boyda vəsaitin müqabilində kanalizasiya sistemini qura bilməmişik. Bu biabırçılıqdır. Əvvəlki ilərdə olduğu kimi indikilər də yeyib-dağıdır, hətta bundan sonra gələnlər də yeyib-dağıdacaq. Problem heç vaxt həllini tapmayacaq”.