“Bu cür neqativ hallara son qoyulacaq və heç kimdə şübhə olmasın”

“Prezident tərəfindən etimad göstərilərək məsul vəzifələrə irəli çəkilən şəxslər üzərlərinə düşən vəzifəni, ona etimad göstərən liderin yürütdüyü siyasətini layiqincə icra etməyib, etimadı doğrultmayacaqsa, xalqın xidmətində durmayıb, şəxsi maraqları naminə qanunsuz əməllərə əl atacaqlarsa, onları hər zaman olduğu kimi bundan sonra da acı sonluq gözləyir. Bu insanlar onlara edilən etimadı doğrultmadığına görə layiqli cəzalarını alıb və bundan sonra alacaqlar”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında deputat Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə,  Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkədə  bütün sahələrdə islahatlar prosesinin  yeni bir erası başlanıb və biz bu ötən müddətdə bunun şahidi olmaqdayıq. “Məhz keçirilən bu  məqsədyönlü, düşünülmüş islaahtları siaysətinin nəticəsi olaraq Azərbaycan ötən 17 il müddətində daha da sürətlə inkişaf edərək, dünyada öz layiqli yerini tutub. Bu ötən müddət ərzində dünyanda bir neçə dəfə qlobal iqtisadi, maliyyə böhranlarının olmasına baxmayaraq, Azərbaycan bu böhranlardan  ən minimal itkilərlə çıxaraq, qısa zaman ərzində  sürətli inkişaf mərəhələsinə qədəm qoyub. Ölkə başçısının yürütdüyü uzaqgörən və müdrik siyasətinin müsbət nəticələrini pandemiya dövründə də  şahidi olduq”- deputat vurğulayıb.


A.Hüseynov bildirib ki, cənab Prezidentin  çevik və zamanında  baş verən proseslərə   uyğun olaraq adekvat addım ataraq təxirəsalınmaz tədbrilər görməsi nəticəsində pandemiya ölkəmizdə nəzarətə alındı və bu günə kimi nəzarətdə saxlanmaqdadır. “Təxirəsalınmaz  tədbirlər təkcə pandemiyanı nəzarətdə saxlamağa yox, eyni zamanda əhalinin aztəminatlı və həssas  təbəqəsinin sosial müdafiəsi, o cümlədən ölkə iqtisadiyyatının pandemiya dövründə qorunub saxlanması və postpandemiya dövrü üçün  xüsusi tədbrilər planı hazırlanaraq  həyata keçirilməkdədir. Azərbaycan Prezidenti fəaliyyətini bununla bitirmədi və  qlobal səviyyədə  pandemiyaya qarşı mübarizədə fəal rol oynayaraq, bu sahədə öz əvəzolunmaz töhfəsini verməkdədir. Azərbaycan qlobal səviyyədə pandemiyaya qarşı səmərəli mübarizə aparmaq məqəsdi ilə ÜST-ə üst-üstə 10 milyon dollar yardım edib. Bundan əlavə olaraq ayrı-ayrılıqda 10-dan artıq ölkəyə  müxtəlif formalarda  dəstək verib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı daha effektli mübarizə aparmaq üçün beynəlxalq həmrəyliyin yaradılması və birgə əməkdaşlığın aparılması istiqamətində də ciddi addımlar atılıb.  İstər Türk Şurasına üzv dövlət başçılaırnın, istərsə də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi,  istərsə də Prezidentimizin  BMT Baş Assambleyasının prosedur qaydalarına və BMT Baş Assambleyasının Nizamnaməsinin 20-ci maddəsinə uyğun olaraq xüsusi sessiyasının keçirilməsi təşəbbüs ilə çıxış etməsi bunun bariz nümunəsidir.

Çox təəssüflər olsun ki, Prezidentin belə bir çətin şəraitdə gördüyü bu cür  dünya əhəmiyyətli fəaliyyətinə bəzi məmurlar kölgə salmaqdadır”- deputat qeyd edib.

O bildirib ki, bəzi məmurlar belə çətin şəraitdə  aztəminatlı ailələrə ayrılan vəsaitlərə göz dikir,  korrupsiya hallarına və digər qanunsuz əməllərə əl atırlar: “Əslində bu cür məmurlar ölkə başçısına və onun yürütdüyü siyasətə xəyanət yolunu seçirlər. Bu cür insanlara qarşı münasibət də birmənalıdır. Ən ağır cəza və onlar bu əməllərinin  cəzasını çəkəcəklər. Çünki bu insanlar ölkə başçısının zaman-zaman  etdiyi xəbərdarlıqlardan, yaxud da bundan öncə cəzalandırılan məmurlardan  özləri üçün nəticə çıxarıb, fəaliyyətlərində dönüş etmədilər. Ölkə başçısı hər zaman təyin etdiyi kadrlara  öz tövsiyyələrini verərək, onları xalqın xidmətində durmağı tövsiyyə edib. Biz bunun mayın 13-də Kəlbəcər rayonuna yeni İcra başçısını təyin edən zamanda şahidi olduq. Cənab Prezident yeni təyin olunan İcra başçısı ilə videoformatda görüşü zamanı öz tövsiyyə və tapşırıqlarını verdi. Cənab Prezident bir daha bəyan etdi ki, bu cür neqativ hallara son qoyulacaq və heç kimdə şübhə olmasın. “Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”- ölkə başçısı bəyan etdi.

Prezident bir daha korrupsiyaya və rüşvətə qurşanan  məmurlara  etdiyi xəbərdarlığını xatırladaraq bildirdi ki,  buna riayət etməyən məmurlar  indi bunun acı nəticələrini yaşayırlar.  Ölkə başçısı həmçinin təyin etdiyi  gənc kadra da  icra başçısı kimi  vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısını tövsiyyə etdi. Ona  fəaliyyətində dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalətli  olmasını tapşırdı. Prezident bir daha üzünü məmurlara tutaraq bəyan etdi ki, tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar. Ölkə başçısının bu məsələdə siyasi iradəsi ortadadır  və mövqeyi qətidir. Ona görə də məmurlar Prezidentin son fəaliyyətindən ciddi nəticə çıxarıb,  fəaliyyətlərində ciddi dönüş yaradıb, xalqın xidmətində və ona etimad edən ölkə başçısının etimadını doğrultmağa çalışmalıdırlar”.