“Bu, dövlət müəssisəsi olsa, o zaman qohumbazlıq etmək qəbuledilməzdir” – Deputat münasibəti

“Açığı, mən Vado Korovinin fəaliyyəti ilə tanış deyiləm. Lakin kanal sahibləri onu məsləhət bilib rəhbər təyin ediblərsə, deməli, ona inanıb bunu ediblər”. 

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

O, “Space” televiziyasının rəhbəri Vado Korovinin qızı və kürəkənini kanalda işlə təmin etməsinin sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olmasından söz açıb.

R. Nurullayev əlavə edib ki, “Space” özəl kanaldır:

“Bura özəl kanal olduğuna görə, orada kimin işə gətirilməsi, qohum-əqrəba necə işləyə bilər və s. məsələlərdə tənqid olmamalıdır. Əgər bu, dövlət müəssisəsi olsa, o zaman qohumbazlıq etmək qəbuledilməzdir və müəyyən qanunlar vasitəsilə bu tənzimləmələr var. Lakin özəl şirkətlərdə qohumbazlıq və s. məsələlərə sirayət edə bilmərik. 

Doğrudur, qanunda müəyyən müddəalar var. Yəni orada qohumlar hansı vəzifədə ola bilər ki, təsisçilərin hüquqları pozulmasın və s. Bu kimi müddəalar var, lakin ümumilikdə özəl şirkətin siyasətinə qarışmaq çətindir. Mən bir deputat kimi özəl şirkətlərin işlərinə qarışmağın əleyhinəyəm”. 

Partiya sədri onu da xatırladıb ki, bu və ya digər məsələlərlə bağlı sosial şəbəkələrdəki tənqidlərin hamısı heç də haqlı deyil:

“Sosial şəbəkələrdə xeyli haqsız məsələlər ətrafında müzakirələr gedir, kimlərsə aşağılanır, söyülür, kimlərinsə şəxsiyyətini alçaldırlar. İnsanların şəxsiyyətini alçaltmaq olmaz. Sağlam tənqid etmək olar, amma insanları linç etmək, onlar haqqında yalan məlumatlar verib onları söydürmək heç də yaxşı hərəkət deyil”. 

“Ümumilikdə isə rəhbər şəxslər öz iş yerlərində yaxın adamları vəzifəyə təyin edəndə bu cür məlumatların və tənqidlərin olacağını gözləri önünə gətirməlidirlər. Çünki biz bunu hər zaman belə görmüşük. Ona görə də qohumları öz iş yerində işlə təminetmə ənənəsi yığışdırmalıyıq. Lakin, əgər onun təyin etdiyi kadrlar əvəzedilməz kadrlardırsa və bu da rəhbərliklə razılaşdırılıb təyinatı olursa, burada problem olmamalıdır. Amma bir neçə nəfərin eyni vaxtda gətirilməsi suallar yaradır. Ona görə də hər kəs qərarı verərkən düşünməlidir ki, bu cür tənqidlərə tuş gələ bilər”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.