“Bu məsələlər daim gündəmdə olmalıdır ki, insanlara sıxıntı yaradan korrupsiya əməllərinə son qoyulsun” – Deputat

Son aylarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir sıra dövlət qurumlarında əməliyyatlar keçirib. Ötən ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif regional şöbələrində, daha sonra Bakı Nəqliyyat Agentliyində (BNA) keçirilən əməliyyatlar zamanı vəzifəli şəxslər saxlanılıb.

Bir həftə ərzində isə Tərtər və Cəlilabad Rayon İcra Hakimiyyətlərində korrupsiya əməliyyatları təşkil olunub. Nəticədə hər iki rayonunun baş memarları və Cəlilabad Şəhər Bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb edilib.

Sonuncu korrupsiya əməliyyatları bir neçə il əvvəl icra başçılarına qarşı başlanan prosesin məntiqi davamı kimi görünə bilər. Ölkədə rezonans doğuran “məmur ovu” proses çərçivəsində bir sıra rayonların icra başçıları və digər vəzifəli şəxslər həbs edilib, onların korrupsiya əməlləri ifşa olunub.

Yenidən start verilən həbs dalğasının davam etdiriləcəyi, korrupsiyaya bulaşmış digər məmurların da məsuliyyətə cəlb olunacağı istisna edilmir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində amansız tədbirlər görülür.

“Burada həm qanunvericilik, həm də institusional tədbirləri nəzərdə tuturam. Korrupsiya ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərir. Qanunun aliliyinə, sosial ədalətə ciddi təhlükə yaradır. İqtisadi və sosial ədaləti ləngidir. Ölkəmizdə əlverişli biznes mühitinin yaradılmasına çox mane olur. Bu gün korrupsiya hər bir cəmiyyətdə aktual problem kimi qalır. Təbii ki, korrupsiya ilə mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun olaraq təsirli mexanizmlərin işə salınması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin ötən ilin aprelində imzaladığı sərəncamla korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar milli fəaliyyət planı təsdiq olunub. Qeyd edilən plan müxtəlif fəaliyyət istiqaməti olan qurumların korrupsiya ilə mübarizə səylərinin birləşməsinə xidmət edir. Eləcə də, korrupsiyaya qarşı mübarizənin bütün dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə reallaşdırılmasına imkan yaradır”, – deputat vurğulayıb.

Parlamentari vurğulayıb ki, korrupsiya əleyhinə keçirilən əməliyyatlar hər bir dövlət qurumu və məmuru üçün ibrət olmalıdır:

“Hər kəs bilməlidir ki, əgər hər hansı məmurun belə çirkin məqsədləri varsa, öz şəxsi mənafelərini dövlət maraqlarından üstün tuturlarsa, onun cəzlandırılması qaçılmaz və labüddür. Artıq son dövrlər ərzində mərkəzi icra orqanlarında, bələdiyyələrdə və digər qurumlarda bu cür əməliyyatlar keçirilir. Bu da dövlətimizin korrupsiya ilə mübarizə sahəsində qəti mövqeyini bir daha nümayiş etdirir. Biz deyə bilmərik ki, bu gələcəkdə daha böyük korrupsiya əməliyyatlarının açılacağına işarədir. Ümumiyyətlə, korrupsiya ilə mübarizə dövlət üçün həmişə prioritetdir. Ölkəmizin hüquq-mühafizə orqanları təsirli və səmərəli əməliyyatlar həyata keçirməkdədir. Son dövrdə baş verən əməliyyatlar bunun sübutudur. Mən düşünürəm ki, bu cür halların baş verməsi xoşagəlməzdir. Ancaq yenə də biz görürük ki, dövlət tərəfindən görülən bütün səylərə baxmayaraq, dövlət orqanları strukturlarında, mərkəzi, yerli icra orqanlarında, bələdiyyələrdə neqativ hallar mövcuddur. Ancaq biz görürük ki, dövlətimiz və onun aidiyyəti orqanları ayıq-sayıqdır. Bu kimi halların qarşısını almaqda çox qətiyyətlidirlər”.

 

Milli Məclisin digər bir deputatı Fazil Mustafa isə belə əməliyyatların keçirilməsinin labüd olduğunu bildirib:

“Alınan informasiyalar təhlil olunur. Qanun pozuntusu, korrupsiya əməlləri varsa, həm də bunun törədicisi dövlət məmurdursa, buna qarşı sərt addımların atılması anlaşılandır. Əvvəllər məsələyə böyük səviyyədə yanaşılırdı. İndi görünür ki, icra başçıları işlərində müəyyən korrektələr edib, açıq-aşkar qanun pozuntusuna getməyiblər. İndi də icra hakimiyyətlərində müəyyən postlar tutan adamların korrupsiya ilə məşğul olması halları müşahidə olunur. Buna dövlətin münasibəti anlaşılandır. Korrupsiya ilə mübarizənin genişlənməsi baxımından bu vacibdir.  Sanki biri həbs olunur, bir aydan sonra onun əməli, ümumiyyətlə, unudulur. Bu məsələlər daim gündəmdə olmalıdır ki, insanlara sıxıntı yaradan korrupsiya əməllərinə son qoyulsun”.