“Qarabağın erməni sakinləri Azərbaycan konstitusiyasını tanımaqla normal gələcəklərini təmin edə bilərlər” – Deputat

“Cənab Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəni dinlərkən hər bir azərbaycanlı sözün əsil mənasında qürur hissi yaşayır. Mən dünən CBC kanalına verdiyim müsahibəmdə də bunu qeyd etdim və indi bir daha təkrar edirəm. Möhtərəm Prezidentimizin müxbirin suallarına verdiyi ətraflı, əsaslandırılmış, birmənalı və qəti cavabları eşidərkən fərəhlənməmək sadəcə mümkün deyil. Mən siyasətlə məşğul olan bir insan kimi, öz işimdən irəli gələrək indiyədək bir çox dövlət başçılarının, ölkə rəhbərlərinin çıxışlarını eşitmişəm, müsahibələrini dinləmişəm. İnanın ki, hər dəfə onları dinlədikcə mənim cənab Prezident İlham Əliyevin intellektinə, dünyagörüşünə, uzaqgörənliyinə və əlbəttə ki, humanistliyinə heyranlığım daha da artır. Elə dövlət başçımızın “Euronews”a müsahibəsi də sülhsevər, insansevər müsahibə idi. Əslində bu müsahibə birbaşa həm ermənistan əhalisinə, həm də Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə ünvanlanmışdır. Cənab Prezident Azərbaycan və Ermənistan xalqları arasında birgəyaşayış prinsipləri əsasında münasibətlərin yenidən qurulması imkanlarını təhlil edərək Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasının mümkün yollarını açıq-aydın göstərmişdir. İndiki Ermənistanın bütün ərazisinin əslində tarixi Azərbaycan torpaqları olmasına rəğmən dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur və biz bundan sonra qətiyyən müharibə istəmirik. Qarabağın erməni sakinlərinə gəlincə isə, onlar sadəcə Azərbaycan konstitusiyasını tanımaqla, yaşadıqları ölkənin qanunlarına tabe olmaqla və yalnız bu yolla öz normal gələcəklərini təmin edə bilərlər. Bütün Azərbaycan xalqının, eləcə də ölkəmizdə yaşayan bütün digər milli azlıqların malik olduqlarından artıq hüquq və imtiyazları isə onlara heç kim, hətta biz özümüz belə verə bilmərik.”

Bu sözləri  Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının hələ də istənilən nəticələri verməməsini təəssüf doğuran hal kimi qiymətləndirib: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat əslində sülh razılaşması deyildi. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olsa da bu sənəd bölgədə dayanıqlı sülhü təmin edə bilməzdi. Buna görə də Azərbaycan təşəbbüs göstərərək bəyan etdi ki, iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Həmçinin Azərbaycan ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması təklifini irəli sürdü. Bu gün danışıqlar prosesinin rəvan getməməsi təəssüf doğursa da, Ermənistan tərəfindən konstruktiv yanaşma nümayiş etdiriləcəyi halda bəlkə də ilin sonunadək sülh variantının tapılması mümkün ola bilər.”

Daha sonra N.Aslanov bəzi beynəlxalq təşkilatların Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ölkəmizə qarşı irəli sürdükləri iradların əsassız və yolverilməz olduğunu qeyd edərək bunları deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq uzun müddətdir ki, öz çıxışlarında, xüsusən də qlobal xarakterli sammit və görüşlərdə etdiyi çıxışlarda, dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrində beynəlxalq hüququn işləməməsi, ikili standartlar siyasətinin beynəlxalq münasibətlərdə getdikcə daha çox yer alması barədə fikirlər səsləndirməkdədir. Çox maraqlıdır ki, Azərbaycanın 20 faiz ərazilərinin 30 ilə yaxın müddət ərzində erməni işğalı altında olduğu dövrdə yüz minlərlə qətlə yetirilən, dədə-baba yurdlarından qovularaq didərgin salınan, kütləvi qırğınlara məruz qoyulan azərbaycanlıların haqqlarının müdafiəsi üçün bir kəlmə belə olsun söz deməyən beynəlxalq təşkilatlar bu gün Qarabağda yaşayan və faktiki olaraq özləri-özlərini yaşadıqları ölkədən təcrid vəziyyətinə salan erməni əhalisini guya ki, gözləyə biləcək hansısa potensial təhlükələrə qarşı Azərbaycandan zəmanət tələb edirlər. Bu, açıq-aşkar ölkəmizə qarşı ikili standartlar siyasətinin tətbiq edilməsi cəhdindən başqa bir şey deyil. “Euronews” televiziyasına verdiyi müsahibəsində dövlətimizin başçısı bir daha Laçın-Xankəndi yolundakı vəziyyətdən siyasi spekulyasiya predmeti kimi istifadə edilməsinin yolverilməz olduğunu hər kəsin diqqətinə çatdırdı. Məlumdur ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da bu yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Sadəcə olaraq müharibədən sonra həmin yola Rusiya sülhməramlıları nəzarət edirdilər ki, bu da üçtərəfli Bəyanatın müddəalarında təsbit edilmişdi. Bütün bu müddət ərzində Azərbaycan yolun fəaliyyətinə qətiyyən müdaxilə etmək niyyətini nümayiş etdirməyib. Lakin ermənilər hər zaman olduğu kimi, yenə də onlara doğru atılan bu humanist addımdan sui-istifadə etməyə başladılar. Ötən ilin noyabr ayının əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı müəyyən olundu. İşğal dövründə olduğu kimi, ölkəmizin qızıl və mis mədənlərinin qeyri-qanuni istismarına yenidən start verildi. Təbii ki, Azərbaycan buna yol verə bilməz. Eko fəalların aksiyaları ilə başlanan fəaliyyət aprelin 23-də sərhəd-keçid məntəqəsinin qurulması ilə nəticələndi və bu, Azərbaycanın legitim hüququdur. Qarabağın erməni sakinlərinin Azərbaycanda sülh və əmin-amanlıq içərisində yaşayıb-yaşamayacaqları isə, az öncə də qeyd etdiyimiz kimi, yalnız onların öz seçimlərindən, verəcəkləri qərardan asılıdır”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.