“İrshad” müştərini məhkəməyə VERDİ

“İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir”.

Bu barədə müddəa “İstehlakçının hüquqları haqqında” qanunda qeyd olunub.

Ancaq əksər mağazalar buna əməl etmir. İstehlakçılar nəinki 14, 1 gün sonra belə malı qaytarmaq istədikdə problemlə üzləşirlər. Xüsusilə də elektronika mağazaları malı qaytarmaq yerinə, təmirə göndərməyi təklif edirlər.

Oxşar problemlə “İrshad Electronics”ə müraciət edən müştəri də qarşılaşıb.

Belə ki, mağazadan kreditlə telefon götürən müştəri İlhamə Əliyə bu yaxınlarda məhkəmədən xəbərdarlıq gəlib. Səbəb isə adına olan kredit borcunun bağlanmamasıdır.

Zərərçəkən bildirir ki, onun geri qaytardığı telefona görə borc gəlib və şikayətini bildirməsinə baxmayaraq məhkəməyə verilib:

“2021-ci ilin yayında kreditlə “İrshad”dan telefon götürsəm də, 1 gün sonra prosessorunda problem olduğuna görə geri qaytarmaq istədim. Mağazada telefonun həqiqətən deffekt olduğu ilə razılaşsalar da geri qaytara bilməyəcəklərini dedilər.

Üzərində cızığı olduğu üçün yalnız təmirə göndərməyin mümkün olduğunu bildirdilər. Həmçinin məndən servis pulu da tələb edildi. Halbuki, telefona 1 gün ərzində heç bir cızıq düşməmişdi. Komissiya pulu və ilkin ödəniş isə geri qaytarılmadı.

Əsəbimdən telefonu Xətaidə yerləşən servisə qoyaraq oranı tərk elədim. Onlar isə hər ay mənim adıma faiz yazdılar və sonda malın öz qiymətinə 400 manata yaxın vəsait əlavə etməklə ödəməyim üçün məhkəməyə müraciət etdilər.

Problemlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim. Qurum mənim haqlı olduğumu bildirərək, məsələnin həll olunduğunu bildirdi. Lakin iki il vaxt keçməsinə baxmayaraq, “İrşad Electronics” rəsmi tələbə məhəl qoymayaraq, məsələni bağlamayıb.

Bir neçə gün əvvəl isə yenidən borcum olduğu ilə bağlı məhkəmədən məktub gəldi. Əlaqə saxladıqda isə məlum oldu ki, telefon hələ də mənim adımdan çıxmayıb”.

Şikayətlə əlaqədar “İrşad Electronics”ə sorğu ünvanladıq. Şirkətdən Bizim.Media-nın sorğusuna cavab olaraq, şikayətçinin onlarla əlaqə saxlamalı olduğu bildirildi və əlavə məlumat verməkdən imtina etdilər.

Məsələ ilə bağlı danışan hüquqşünas Zaur Quliyevin sözlərinə görə, problemli mal ilkin formasına xələl gəlsə belə, mağaza tərəfindən geri qəbul edilməlidir:

“İstehlakçılarin hüquqları haqqında qanunun tələbinə əsasən məhsulun qablaşdırılması və s zədələnməməlidir. Yox əgər məhsul keyfiyyətsiz xarab məhsuldursa və problem aşkar olunubsa, qaytarmaq mümkündür. Mağaza bundan imtina edərsə, məhkəməyə müraciət edib malın dəyərini geri tələb etmək olar. Bu halda digər zərərləri də tələb etmək mümkündü”r.

Qeyd edək ki, “İstehlakçının hüquqları haqqında” qanunun 7-ci maddəsində qüsurlu mal satılan istehlakçıların hüquqları açıq şəkildə qeyd olunub.

Belə ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

– lazımi keyfiyyətli mala dəyişdirməyi;

– satış qiymətini uyğun məbləğdə azaltmağı;

– malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.