Yeni “ASAN xidmət” mərkəzləri açılacaq

“Hazırda 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir”. Bunu açıqlamasında “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev deyib

Onun sözlərinə görə, 2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır: “Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.281.000 unikal vətəndaşın 41 milyondan artıq müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir”.