Deputat seçicilərinə müraciət etdi

Əziz seçicilər, hörmətli soydaşlar,

Parlament seçkilərindən bir il ötür. Son bir il çox çətin eyni zamanda şərəfli dövr oldu və Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən çoxsaylı uğurlarda heç şübhəsiz Parlament hakimiyyətinin konstitusiya ilə müəyyən olunmuş çərçivədə özünəməxsus rolu danılmazdır. Pandemiya şəraitinə baxmayaraq, Milli Məclis Sahibə xanım Qafarovanın Sədrliyi ilə qanunvericilik fəaliyyətində kifayət qədər çeviklik nümayiş etdirdi. Həmçinin, Vətən müharibəsi dövründə deputatlar milli və beynəlxalq səviyyədə təbliğatın aparılmasında, habelə, informasiya müharibəsindəki qələbəmizdə ləyaqətlə iştirak etdilər. Bütün çətinliklərə baxmayaraq qanunverici hakimiyyətin fəaliyyətində heç bir ləngimə və axsama olmadı, əksinə, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələri rəhbər tutaraq son bir ili daha böyük əzmlə və daha şövqlə çalışdıq. Pandemiya və müharibədən qaynaqlanan çoxsaylı problemlərə və çətinliklərə, baxmayaraq bir illik fəaliyyətimiz deputat-seçici münasibətləri zəminində uğurlu olub. Tam səmimiyyətlə deyə bilərik ki, Biləsuvarda seçici-deputat münasibətlərini qura, rayonda dövlət – cəmiyyət münasibətlərinin daha da sağlamlaşması istiqamətində töhfələrimizi verə bilmişik. Bu gün Biləsuvar şəhəri və 22 kəndi əhatə edən 66 saylı seçki dairəsi üzrə deputat əlçatanlığı ilə bağlı ümumiyyətlə problem qalmayıb. “Vətəndaşların müraciətləri haqqında” qanuna müvafiq olaraq 15-30 gün müddətində baxılmalı olan müraciətlərə bizə çatdığı andan dərhal, xüsusi hallarda isə bir həftə ərzində birmənalı reaksiya verilir. İş günləri saat 09.00-dan 18:00-dək iki telefon nömrəmiz seçicilərin ixtiyarındadır, habelə, karantin məhdudiyyətlərini çıxmaqla həftənin Bazar ertəsi və Cümə axşamı günləri deputatın rayondakı qərargahı seçicilərin üzünə açıqdır. Bir illik fəaliyyətimiz dövründə, hər ay azı 2-3 kənddə gəzərək vətəndaşlarla təsadüfi görüşlər təşkil etmişik. (Məsələn, son dəfə, yanvar ayında planlaşdırılmadan İsmətli, Günəşli və Ağalıkənd kəndlərinə, həmçinin Mal-qara bazarına gedərək çoxsaylı müraciətlər qəbul etmişik.) Bundan başqa ümumilikdə 1 il ərzində qəbul üçün qabaqcadan müraciət edən 900-dən çox vətəndaşın fərdi olaraq həm fiziki, habelə videoformatda qəbulu keçirilib. Həmçinin, 3500-dən artıq seçici müraciətini qəbul etmiş, şifahi danışıqlarla həll edə bilmədiyimiz məsələlərlə bağlı dövlət orqanlarını 200-dən çox rəsmi məktub yollamışıq. Bundan başqa, bizə müraciət etməsə də belə, sosial şəbəkə yaxud digər mənbələr vasitəsi ilə problemlərindən xəbər tutduğumuz 300-dən çox vətəndaşa şəxsən zəng edərək dəstək olmağa çalışmışıq. Həmçinin, mütəmaddi olaraq facebook sosial şəbəkəsində canlı yayıma çıxmaqla vətəndaşlarla interaktiv ünsiyyət formatı yarada bilmişik. Bir illik fəaliyyətimizdə mühim nüanslardan da biri odur ki, Biləsuvarın əhəmiyyətli problemlərinin nəhayət ki, Milli Məclisin tribunasından dəfələrlə ictimailəşdirilməsinə nail olmuş, həm hökumətin həm də medianın diqqətini bu problemlərə yönəltmişik. Nəticələrə gəlincə, bizə olunan müraciətlərin 47%-i tam müsbət həll olunub, müraciətlərin 36%-nin isə səlahiyyətlərimizə ümumiyyələ aidiyyatı olmayıb, 17% civarında müraciətlərimizə isə cavab verilməyib və reaksiya gözləyirik. Bu isə o deməkdir ki, səlahiyyətlərimizə aid müraciətlərin azı 73%-də müsbət nəticə əldə etmişik, məsələlərin 27 faizi isə həll mərhələsindədir. Əlbəttə çətinliklərimiz də var, az da olsa bizdən narazı qalanlar da. Bunun isə kökündə vətəndaşların deputatdan gözləntiləri ilə deputatın real səlahiyyələri arasında olan fərqlərlə bağlı olur. Vətəndaş bəzən deputata bələdiyyə və yerli icra orqanlarına etməli olduğu məsələlərlə bağlı müraciət edir. Məsələn işlə təminat məsələsində deputatın heç bir səlahiyyət və imkanları olmadığını dəfələrlə desək də hələ də bu tipdə çoxsaylı məktublar alırıq. Əlbəttə, vətəndaşı anlayırıq, başa düşürük ki, insanlar məcburiyyət qarşısında qalmazsa müraciət də etməz. Lakin, problem ondandır ki, səlahiyyətimizə aid olmayan belə məsələlər həll olunmadıqda bəzi hallarda vətəndaş işi görməli olan aidiyyəti strukturdan yox məhz deputatdan narazı qalır. Lakin xoşbəxtlikdən Biləsuvar camaatı zəhmətkeş, qədirbilən insanlar olduğu üçün bu kimi narazılıqlar az saydadır.

Əziz soydaşlar, hörmətli seçicilər, 1 ilin tamamında mən bir daha hər birinizə göstərdiyiniz yüksək etimada görə minnətdarlıq edir, bundan sonrakı fəaliyyətimizdə Prezident İlham Əliyevin siyasi xətinə sədaqətimizi qorumaqla, Sizlərə layiq olmağa, “Vətəndaş həmişə haqlıdır” prinsipinə sadiq qalmağa çalışacağam. Sonda isə gərgin iş rejiminə baxmayaraq yorulmadan Sizin xidmətinizdə duran köməkçilərim, Nazir Məşədikərimli, Əminə Əhmədli, Adəm Orucov və Vətən mühribəsinin qazısı, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, ehtiyatda olan baş leytenant Zamiq Mənsimliyə təşəkkür edirəm.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı