Bu şanlı hadisə xalqımızın şərəf və qürur tarixini təşkil edir

“28 May – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Çünki 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti yaradılması, bu şanlı hadisə xalqımızın şərəf və qürur tarixinin parlaq səhifələrini təşkil edir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 103 il öncə Azərbaycan xalqının dəyərli ziyalıları Xalq Cümhuriyyətini elan etməklə Şərqdə ilk demokratik dövlətin əsasını qoymuş oldular. Çox təəssüflər olsun ki, dünyada və regionda baş verən geosiyasi proseslər, müstəqil dövlətimizin mövcudluğunu həzm edə bilməyən böyük güclərin imperialist maraqları nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Amma buna baxmayaraq, azadlıq ideyası hər zaman xalqımızın qəlbində yaşadı və bu ideyanın gücü nəticəsində 1991-ci ildə müstəqilliyimiz bərpa olundu.

F.Yıldırımın sözlərinə görə, Dövlət müstəqilliyini qorumaq, onu elan etməkdən qat-qat çətindir. Məhz 1990-cı illərin əvvəlində müstəqilliyimiz yenidən süquta uğramaq təhlükəsi ilə üz-üzə qalsa da, böyük öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas oldu. 1993-cü ilin iyun ayında Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinlikləri dəf edərək müstəqil dövlətçiliyimizin əsaslarını möhkəm təməllər üzərində qurdu. Və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da güclənən, qüdrətlənən və beynəlxalq müstəvidə böyük nüfuza sahib olan müstəqil Azərbaycan dövləti məhz bu təməllər üzərində inkişaf edir!

Fatma Yıldırım qeyd edib ki, cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli, müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan ildən-ilə daha böyük nailiyyətlər qazanmaqdadır. Uzun illərdən sonra biz bu il ilk dəfə 28 May Respublika Gününü doğma Qarabağımızı işğaldan azad etmiş qalib xalq olaraq fəxarətlə qeyd edirik! Biz hər zaman qürur duyuruq ki, müstəqil, qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Allah müstəqil dövlətimizi daim var eləsin!