“Bu söz-söhbətə görə bəlkə də neçə ilin müəllimi işdən çıxacaq” – Fatimə Hacıbəyli

“Bu məsələyə görə müəllimləri qınamaq lazım deyil. Burada sadəcə təqdimat düzgün deyildi, amma müəllim 4-cü sinifi bitiriən şagirdlərini yola salır, şagirdlər 3-cü sinif deyil ki, valideyn düşünsün, qorxsun ki, birdən müəllim uşağıma qiymət yazmaz. Şagirdlər 4-cü sinfi bitirirsə, deməli, burada məcburiyyət yoxdur, bu valideynin içindən gələn bir şeydir, istəyib və alıb. Sadəcə olaraq, hansısa əclaf valideyn bundan istifadə edib çəkib və paylaşıb. Sosial şəbəkələrdə bəziləri yazır ki, müəllimə hədiyyə vermək olmaz. Niyə olmaz, müəllim insan deyilmi? Adi evdə uşağınızın dayəsi olanda, ona da hədiyyə alıb verirsiniz. Müəllimə ildə iki dəfə nə isə alanda nə olur ki? Vacib deyil bahalı nələrsə alasınız, bir şokolad qutusu, bir dəstə güllə də müəllimi sevindirmək olar”. 

Bu sözləri  “Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi” nin rəhbəri, orta məktəb müəllimi Fatimə Hacıbəyli deyib. Son günlər müzakirə mövzusuna çevrilən müəllimlərin qızıl hədiyyə alması məsələsinə münasibət bildirən F.Hacıbəyli müəllimi durmadan qınaq atəşinə tutanları tənqid edib:

“Mən özüm də Xırdalanda orta məktəbdə çalışıram, 6-cı siniflərin sinif rəhbəriyəm, gəlin valideynlərdən soruşun görün Fatimə müəllimə hansından 10 qəpik belə olsa, pul yığıb? Belə bir şey heç vaxt ola bilməz.

Elə vaxt olub ki, mənim xəbərim olmadan şagirdlərim tort alıb sürpriz ediblər. Bunu sosial şəbəkədə də paylaşaraq yazdım ki, əgər bu da rüşvətdirsə, götürün bunu da paylaşın.

Mən qızıl alınan müəllimi heç tanımıram, onun tərəfini də saxlamıram. Mən ümumən vəziyyətdən danışıram, çünki son vaxtlar müəllimlərin üzərinə həqiqətən çox gedirlər. Bəziləri yazır ki, müəllimə 3 min manatlıq hədiyyə alınıb. Xırdalanda o qədər kasıb təbəqə yaşayır ki, onlar heç öz gəlinlərinə 3 min manatlıq qızıl komplekt almırlar, o ki, qaldı müəllimə alsınlar. Bir şeyi bu qədər şişirtmək olmaz! Bu söz-söhbətə görə bəlkə də neçə ilin müəllimi işdən çıxacaq. Ondan sonra hər kəs rahat olacaqmı?”

O, qeyd edib ki, məmurlara müəllimlərdən qat-qat bahalı hədiyyələr verilir, lakin bu haqda heç kəs danışmır:

“Məmurlara qızıl da, brilyant da kilo ilə verilir. Onlara ad günlərində, 8 Martda, digər bayramlarda hədiyyə gələndə kənardan dayanıb çəkmək lazımdır. Onlara gələn təkcə gül dəstələrinin qiyməti 200-300 manatdan başlayır. Niyə heç kəs ağzını açıb bu barədə danışmır?

Bizdə 8 Mart və Müəllimlər Günü olanda qapının ağzına polis qoyulur, mən xəcalət çəkirəm. Niyə bunu edirsiniz? Səbəb nədir? Mənim vicdanım rahatdır, hər kəs bilir ki, indiyə qədər bir qəpik belə sinifdən pul götürməmişəm. Videosu yayılan da bir müəllimdir, valideynlər istəyib hədiyyə alıb, hətta görüntülərdən də müəllimin hədiyyəni gördükdə təəccübü hiss olunur. Bəlkə də həmin müəllimin heç xəbəri yox imiş ki, ona belə sürpriz olunacaq. Yenə deyirəm, Xırdalanda o kontingent yoxdur ki, müəllimə 3 min manatlıq qızıl alıb bağışlasın”.