“Ulu öndərin xidmətləri misilsizdir, ölçüyəgəlməzdir” – Azər Badamov

Hər bir xalqı formalaşdıran, onu yaşadan adət-ənənələri, bu fonda inkişaf edən milli-mənəvi dəyərləridir, dövləti digərlərindən fərqləndirən isə milli dövlətçilik ənənələridir.

Azərbaycan xalqının da, dövlətinin də əsasında dayanan ənənələr qədim köklərə söykənir. Bununla belə keçmiş ilə gələcək arasında qırılmaz bağ rolunu oynayır. Ulu Öndər Heydər Əliyev hər zaman dövlətçilik ənənələrinin bərpası, qorunması istiqamətində misilsiz xidmətlər göstərib.

1996-cı ildə 18 sentyabrda Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının110 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışı zamanı Heydər Əliyev məhz bu məqama diqqət çəkmişdi: “Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır”. Bu fikirlər bir daha Ulu Öndərin tarixi şəxsiyyətlərə verdiyi önəmin, dövlətçilik təfəkkürünün nümayişinin bariz nümunəsidir.

Millət vəkili Azər Badamov  bildirdi ki, ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqını böyük bəlalardan xilas edib:

“Heydər Əliyev çalışdığı illərdə qətiyyətli siyasəti, dövlətçilik təcrübəsi, idarəetmə, gələcəyə hesablanmış qərarlar qəbul etmək bacarığı olan dövlət rəhbəri kimi yadda qalıb. Xalqı öz arxasınca apara bilən lider kimi olaraq yaddaşlara həkk olunub. Ulu öndər yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın ikinci dəfə qazandığı müstəqilliyin əbədi olmasına zəmanət vermiş oldu. Ölkədə sabitik təmin olundu, atəşkəs elan edildi, ən əsası dövlət idarəçilik sistemi quruldu. Əvvəldən idarəetmə sistemində təcrübəsi olan şəxslər yenidən dövlət strukturlarına cəlb edildi. Beləliklə, Azərbaycanda yeni, müstəqil dövlətçilik təməlləri yaradıldı. Ulu öndərin xidmətləri misilsizdir, ölçüyəgəlməzdir. Azərbaycanın bu gün qazandığı uğurların təməlində Heydər Əliyevin siyasəti dayanır.

Ümumiyyətlə, Heydər Əliyev dövlətçilik ənənələrinə sadiq liderdir. Onun ən böyük töhfəsi millətinə, ənənələrinə bağlılığı, sədaqəti ilə əks olunub.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki Ulu Öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı.

Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Azərbaycanın tarixi, mədəniyyəti sahəsində tanınmış şəxsiyyətlərinə hər zaman hörmətlə yanaşan Ulu Öndər onlarla bağlı fikirlərini bildirir, onların adının əbədiləşməsi ilə bağlı qərarlar qəbul edirdi. Məhz Ulu Öndərin təşəbbüsü sayəsində bu gün paytaxtın bir sıra ərazilərdə belə tanınmış şəxsiyyətlərin heykəlləri ucaldılır”. 

Deputat bildirib ki, Ulu Öndər hər zaman gənc nəsli ölkənin tarixində və mədəniyyəti sahəsində əməyi olan şəxsiyyətlərə hörmətlə yanaşmağa, öz keçmişini unutmamağa çağırıb:

“Bu isə ulu öndərin dövlətçilik ənənələrinə sadiqliyinin bariz nümunəsidir”.