“Bütün Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir – Deputat

Gədəbəyin Söyüdlü kəndində qızıl mədəni ilə əlaqədar süni gölün tikilməsinə kənd sakinləri etiraz ediblər. Nəticədə sakinlər və polis arasında qarşıdurma yaşanıb. Polisin sakinlərdən birinə qarşı gözyaşardıcı qazdan istifadə etməsi sosial mediada gündəm olub.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, sakinlər polis və fəhlələrə hücum edərək daşlardan, küt alətlərdən istifadə ediblər. Ancaq sosial şəbəkədə bu məsələ kifayət qədər müzakirə olunmur. Əgər doğrudan da bir polis nəfəri öz vəzifəsini ləyaqətlə yerinə yetirməyibsə, o cəzalandırılacaq. Amma bütün Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir:

“Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi prosesində kənd sakini ilə polis arasındakı insidentdir. DİN məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir qrup kənd sakininə tikinti prosesinə müdaxilə etməmələri ilə bağlı xəbərdarlıq edilib. Lakin onlar nəinki qanuna tabe olmayıblar, eyni zamanda tikintidə çalışan fəhlələrə qarşı güc tətbiq ediblər. Onlara qarşı daşlar və küt alətlərdən istifadə ediblər, polisə müqavimət göstəriblər. Son yayılan kadrlarda daş atıldığı, polisin təhqir olunduğu faktlar da öz əksini tapıb. Bütün bu proseslərdə ən çox diqqəti cəlb edən polis nəfərinin bir qadına qarşı gözyaşardıcı qazdan istifadə etməsidir. Bu məlumat sürətlə sosial şəbəkədə tirajlanır. Bununla bağlı DİN verdiyi məlumata görə xidməti yoxlanış keçirməkdədir, polis nəfərləri hadisə yerinə göndərilib, xidməti yoxlama aparılıb. Təbii ki, polis nəfəri cəzalandırılacaq. Amma digər məsələlərə də sosial şəbəkələrdə diqqətin ayrılmasını istəyərdik. Tikinti işləri gedir və kənd sakinlərinin müdaxiləsinin qarşısının alınması üçün polis xəbərdarlıq edib. Amma məhəl qoyulmur, müqavimət göstərilir. Bu isə qanuna tamamilə ziddir.Polislər daşa tutulur, onlara ziyan vurulur. Bu məsələrlə bağlı heç bir müzakirə getmir. Müzakirə gedən yalnız həmin qadınla bağlı məsələdir. Yeri gəlmişkən, bunu da deyim ki, çox müəmmalı məqam var. Etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti yaşlı qadınlardır. Bu da təsadüfi deyil. Etirazı təşkil edənlərin uzağa gedən hədəfləri var. Əgər doğrudan da bir polis nəfəri öz vəzifəsini ləyaqətlə yerinə yetirməyibsə, o cəzalandırılacaq. Amma bütün Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir. Azərbaycan polisi ölkəmizdəki ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bu reallığın təminatında polisin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəlirlər. Sosial şəbəkədə hadisələr obyektiv işıqlandırılmalı, her şeyə düzgün, qərəzsiz və ədalətli qiymətləndirilmə edilməlidir”.

Deputat qeyd edib ki, süni gölün kənd sakinlərinə həqiqətən ziyan verib-verməməsi araşdırılmalıdır:

“Süni gölün yaradılması ilə bağlı məsələyə həmin yerin müvafiq qurumları aydınlıq gətirməlidirlər. Çünki biz bu hadisəni ilk dəfə məlum kadrlarda görmüşük. Süni gölün yaradılmasının kənd sakinlərinə hansı ziyanı var, doğrudanmı ziyanı var və ya başqa motiv var, bəlkə süni göl sadəcə bəhanədir. Bu məsələlərə həmin rayonun rəhbərliyi əhatəli cavab verməlidir”.