Hacıqabulda içməli su təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatını yaxşılaşdırır.

Məlumata görə, bu məqsədlə icra olunan layihənin I mərhələsi üzrə işlər yekunlaşmaq üzrədir. Layihə çərşivəsində qəsəbədə yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılır.

1970-ci illərin sonlarında Kür-Bakı magistral su kəmərindən Muğan qəsəbəsinə içməli su verilib, qəsəbənin bir hissəsində su şəbəkəsi yaradılıb. Lakin ötən müddət ərzində qəsəbədə əhalinin sayı 3 dəfə artıb. Qəsəbənin paylayıcı şəbəkə ilə əhatə olunmayan ərazilərində əhalinin bir hissəsi tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərdən istifadə edib, bəzi sakinlər isə içməli suyu maşınlarla alıb. Mövcud içməli su şəbəkəsi də istismar müddətini başa vurduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Xüsusilə yay aylarında su təchizatında ciddi çətinliklər müşahidə olunurdu. İstismar müddəti başa çatmış şəbəkə və əhali tərəfindən primitiv çəkilmiş su xətləri həm də ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verib.

Layihə çərçivəsində Kür-Bakı su kəmərindən Muğan qəsəbəsinə əlavə çıxış verilib, 2 km uzunluğunda magistral su xətti çəkilib. Eyni zamanda qəsəbə ərazisində 10 km uzunluğunda yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

6 min sakinin yaşadığı Muğan qəsəbəsinin digər ərazilərində yeni içməli su şəbəkəsinin yaradılması layihənin növbəti mərhələlərində həyata keçiriləcək. Bununla da qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığın qarşısı alınacaq.