“Cəmiyyətin nəbzi, heç şübhəsiz ki, sosial media ilə döyünür” – Deputat

Prezident İlham Əliyev proseslərlə, əsasən də ölkədaxili məsələlərlə bağlı xəbərləri həm də sosial şəbəkələrdən və ənənəvi mediadan alır. Bu barədə İlham Əliyev Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda danışıb.

Sitat: “Mən ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz gündəlik işimdə mənə yardımçı olursunuz. Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, postmüharibə dövrünün reallıqları fonunda mürəkkəb bir period yaşayırıq.

O bildirib ki, 4-cü Sənaye İnqilabı artıq hadisələrə yeni baxış tələb edir:

“Əvvəlki həll üsulları effektiv deyil və proseslərin sürətli inkişafı çevik yanaşma tələb edir. Azərbaycan Prezidenti, heç şübhəsiz ki, həm konseptual baxımdan, həm də faktik olaraq ölkənin ən informasiyalı şəxsidir. Hər gün əməliyyat şəraitindən sosial situasiyaya qədər bütün istiqamətlərdə dövlət başçısına səhih və etibarlı məlumatlar məruzə olunur. Lakin cənab İlham Əliyevin özünün də dediyi kimi, “fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur”. Bizim qəbul edib-etməməyimizdən, nə qədər mühafizəkar davranmağımızdan asılı olmayaraq cəmiyyətin nəbzi isə, heç şübhəsiz ki, sosial media ilə döyünür”.

B.Məhərrəmov deyib ki, müasir çağırışlara qlobal miqyasda liderlik edən reallığı lazımi formada qiymətləndirərək cəmiyyətin nəbzini tutmaq, alternativ və daha çevik informasiya mənbəyi kimi sosial medianın imkanlarından istifadə edilir:

“Təbii ki, vətəndaşlar cənab Prezidentin sosial mediada varlığı barədə məlumatlıdır. Biz Vətən müharibəsində möhtərəm Prezidentin tvitter hesabı üzərindən qurulan möhtəşəm kommunikasiyanı çox gözəl xatırlayırıq. Bu gün postmüharibə reallığında, transformasiyanın intensivləşdiyi dövrdə isə dövlət başçısının bunu bəyan etməsinin tam fərqli məna yükü var. Sosial media, o cümlədən də ənənəvi media imkan verir ki, subyektiv əsaslarla, məqsədli şəkildə gizlədilən, yaxud müəyyən obyektiv səbəblərdən cənab Prezidentə məruzə edilməyən bəzi hadisələr ölkə rəhbərinin diqqətinə çatsın. Cənab İlham Əliyevin də ifadə etdiyi kimi, “Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim”.

Təbii ki, bu, çıxışda da ifadə olunduğu kimi, “ədalətsizlik, bürokratiya, pis idarəçilik və ya digər mənfi hallarla” mübarizədə müstəsna effektiv üsuldur. Lakin bu hal eyni zamanda sosial media istifadəçiləri üçün də dürüst və faydalı davranış üçün bir siqnaldır”.