“Bu müzakirələrin mədəniyyət paytaxtımız Şuşada keçirilməsi isə xüsusi önəm kəsb edir” – Deputat

Azərbaycan mətbuatı artıq 148 yaşını qeyd edir. Son illər medianın qarşısında duran vəzifələr də yeni qlobal çağırışlara uyğunlaşıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra milli mətbuatımız milli maraqların müfadiəsi istiqamətində daha fəal çalışmaqdadır. Ermənistanın informasiya cəbhəsində apardığı dezinformasiya təbliğatı ən peşəkar formada zərərsizləşdirilməkdədir. Dünyanın aparıcı media təmsilçiləri də böyük Qələbəmizdən sonra Azərbaycanın yanaşmasına, Azərbaycan Prezidentinin qlobal məsələlərə münasibətinə xüsusi maraq göstərir. Nüfuzlu beynəlxalq KİV-lərin Azərbaycanda keçirilən tədbirlərdə iştirakı bunu bir daha təsdiqləyir. Şuşa Qlobal Media Forumu da bu baxımdan olduqca vacib platformadır. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması bu tədbirə artan marağın göstəricisidir. Forumda Prezident İlham Əliyevin iştirakı isə media mənsublarına yüksək səviyyəli münasibətin göstəricisidir. Dövlət başçımız forumda çıxışçı qismində yox, sual-cavab formatını daha effektiv hesab edərək 20-yə yaxın sualı cavablandırdı. 3 saata yaxın davam edən müsahibə zamanı bir daha regiondakı yeni reallıqlarla bağlı ən cavib mesajlar verildi, Azərbaycanın haqlı mövqeyi dünyaya bəyan olundu.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi olduqca vacibdir. . Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edirlər. Bu müzakirələrin mədəniyyət paytaxtımız Şuşada keçirilməsi isə xüsusi önəm kəsb edir. Bu tədbirlərin keçirilməsi beyin mərkəzi kimi qədim Azərbaycan şəhəri olan Şuşanın nüfuzunu daha da artırır.

Könül Nurullayeva

Milli Məclisin deputatı