Cavanşir Feyziyev konfransda çıxış etdi
“Rauf Denktaşın həyatı, mübarizəsi, arzusu, ümidi – Şimali Kipr” mövzusunda konfrans keçirilib.
Məlumata görə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucu prezidenti Rauf Denktaşın xatirəsinə həsr olunmuş konfrans Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) tərəfdaşlığı ilə baş tutub.
Azərbaycan Respublikasının və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirildikdən sonra Türk dünyasının mərhum liderlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı açan Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bildirib ki, həyatının qayəsini Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına və müstəqilliyinə həsr etmiş Rauf Denktaş mənsub olduğu xalqın hər bir övladının qəlbində qurucu lider, eləcə də şəxsiyyəti, xarakteri, sülhpərvər mövqeyi ilə bütövlükdə Türk dünyasında “Barış rəmzi” kimi qəbul edilir.
O vurğulayıb ki, hələ dövlət quruculuğundakı fədakar fəaliyyətindən öncə türk elmi-ədəbi ictimaiyyəti Rauf Raif Denktaş imzasını “Xalqın səsi” qəzetinin səhifələrində Kipr türk xalqının azadlıq məfkurəsinin tərcümanı kimi tanıyıb. 24 yaşında meydanlarda xalqa müraciət edən Rauf Denktaş siyasi və hüquqşünas mövqeyi ilə Kipr türklərinin gələcək müqəddəratını təyin etmələrində böyük rolu ilə yanaşı, vətəndaş yazıçı kimi onlara hürriyyət və istiqlal düşüncəsini aşılamaqda müstəsna xidmət göstərib.
Gənc yaşlarında Kiprin azadlığı uğrunda yola çıxanda meydanlarda “Amandır, Kıbrıs Gritin taleyini yaşamasın!” deyə hayqıran gənc Denktaş 60 yaşına qədər mücadilə edərək Kipri Grit olmaqdan xilas edib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını elan edən Rauf Denktaş 4 dəfə – 1985, 1990, 1995 və 2000-ci illərdə ŞKTC-nin prezidenti seçilib. Mustafa Kamal Atatürkün Türkiyə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli düşüncəsində, tarixi yaddaşında etdiyi çevrilişin miqyası böyüklükdə Rauf Denktaş Kiprin dövlət maraqlarına xidmət göstərib.
Bu gün Rauf Denktaşın xatirəsi Şimali Kiprin keçdiyi məşəqqətli yolu özündə ehtiva edən “İşğal altında” filminin ssenarisinin, 10 cilddən ibarət “Rauf Denktaşın xatirələri” memuarının, “Səadət sirləri”, “Sabahlarımız üçün”, “Kiprdə bitməyən dava”, “Kipr problemi”, “Karkot dərəsi”, “Kipr məsələsində son durum”, “O günlər”, “İmtahan dünyası”, “Qurandan ilhamlar”, “Gənclərlə baş-başa”, “Gənclərə öyüdlər” və s. 50-dən çox elmi, bədii-publisistik kitabın və müstəqil bir cümhuriyyətin müəllifi kimi ehtiramla yad edilir. Prezident Ersin Tatarın da söylədiyi kimi, “Kıbrıs türkü 41 yaşını qeyd etdiyi suveren dövlətində bu gün şərəfli və azad bir xalq kimi yaşamağın fəziləti ilə bu müstəqilliyi qazanmaq üçün dəfələrlə öz həyatını təhlükəyə atan Rauf Denktaşın bizə miras qoyduğu mənəvi missiyanı şərəflə daşımaq əzmindədir”.
İKSAD-ın rəhbəri Mustafa Lətif Əmək, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov çıxış edərək bildiriblər ki, konfransda təqdim olunan tezislərin əsas hissəsinin Rauf Denktaşın ictimai-siyasi baxışları və əsərlərinin tədqiqinə həsr olunması elmi mühitdə Şimali Kipr mövzusunun kəsb etdiyi aktuallıqdan, onun qurucu liderinin fenomenal şəxsiyyətinə olan rəğbətdən qaynaqlanır.
“Kıbrıs: Barışın kölgəsində psixoloji savaş” kitabının müəllifi hüquqşünas Emete Gözügüzelli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının Türk dünyasından başqa ailəsi olmadığını dünyaya bəyan etdiyini xatırladıb. O, qeyd edib ki, 2024-cü il aprelin 5-də yaradılmış Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ŞKTC üçün göstərdiyi mənəvi dəstək müqayisəolunmazdır. “Şimali Kiprin qurucu lideri Rauf Denktaşın şərəfinə belə yüksəksəviyyəli konfransın təşkili məhz bu dəstəyin nümunəsidir”, – deyə E.Gözügüzelli fikrini yekunlaşdırıb.