“Ceyhun Bayramovun belə bir məktub yazması çox əhəmiyyətlidir” – Deputat

“Bu gün Ermənistan məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirir”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan son addımları ilə beynəlxalq humanitar yardımın göstərilməsi məsələsində humanizm, neytrallıq, bitərəflik prinsiplərini zədələdiyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Qarabağdakı erməni icmasının hazırkı vəziyyəti ilə bağlı yanlış məlumatlar yayır:

“Qeyd edirlər ki, həmin ermənilər “humanitar böhran” yaşayır, “blokada şəraiti”ndədir. Azərbaycan dəfələrlə bu məsələyə öz münasibətini açıq şəkildə bildirib. Lakin təəssüf ki, bir sıra beynəlxalq qurumlar zaman-zaman müxtəlif yalan-yanlış fikirlər səsləndirirlər. Hesab edirəm ki, xarici işlər naziri Ceyhun Bayramovun belə bir məktub yazması çox əhəmiyyətlidir. Öz haqq səsimizi dünyaya çatdırmalıyıq. Ermənilər gecə-gündüz Azərbaycan əleyhinə təbliğatlar aparırlar. Biz də bunun qarşısını almaq üçün çox fəal iş aparmalıyıq. Bu gün beynəlxalq təşkilatlarla sıx çalışmalıyıq. Bu istiqamətdə səylərimizi gücləndirməliyik. Əgər bu baş tutmasa, gələcəkdə bu kimi təxribatların artması ehtimalı çox yüksəkdir. Bunun üçün fəal, ciddi iş aparılmalıdır ki, öz məqsədlərimizə nail olaq “.