“Çox qürurlu günlər yaşayırıq” – Deputat

“Böyük qələbəmizdən sonra ölkə başçımız “Böyük Qayıdış” konsepsiyası irəli sürüb. İşğaldan azad olunmuş bölgələrimiz minalardan təmizləndikcə, orada böyük quruculuq, bərpa-abadlıq işləri görüldükcə insanlarımız mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Bu baxımdan çox qürurlu günlər yaşayırıq”. Bu sözləri  millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində soydaşlarımız o ərazilərdən ayaqyalın, qorxu içində didərgin düşmüş və digər bölgələrimizə sığınmışdılar: “Ulu Öndərin hakimiyyətə gəlişi ilə uğurlarımızın bünövrəsini qoyması, Azərbaycan Prezidenti İlham Əliyevin bu uğurları davam etdirməsi və ölkəni inkişaf etdirməsi bizi qalibiyyətə apardı”.

Deputat sözlərinə davam edərək bildirib ki, Füzulidə artıq beynəlxalq standartlara uyğun hava limanı tikilib, şəhərsalma prosesləri aparılır, yeni infrastruktur layihələri icra olunur: “Bu gün də əhalinin həmin əraziyə qayıdışı təmin olunur. Təbii ki, “Böyük Qayıdış” konsepsiyası mərhələli şəkildə yaxın illərdə də davam edəcək və yurd-yuvalarından qaçqın düşmüş insanların hər biri daha layiqli formada öz evlərinə qayıdacaqlar. Çünki onlar güclü Azərbaycan vətəndaşlarıdır”.